RU

Fuad Əliyev: “Problemi köçürmək yox, həll etmək lazımdır”

Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev azreform.info-nun suallarını cavablandırıb.

– Fuad müəllim, son vaxtlar universitetlərin regionlara köçürülməsi ilə bağlı müzakirələr intensivləşib. Siz bu təşəbbüsü necə qiymətləndirirsiniz?

– Bu məsələ ilk baxışdan cəlbedici görünə bilər. Amma düşünürəm ki, universitetlərin regionlara köçürülməsi hazırkı problemlərin həlli deyil. Əksinə, düzgün planlaşdırılmadan atılan addımlar yeni sosial və iqtisadi çətinliklər yarada bilər. Əsas problem universitetlərin harada yerləşməsi deyil, regionların ümumi vəziyyətidir.

– Sizcə, əsas problem nədədir?

– Ən böyük problem regionlarda iş yerlərinin çatışmazlığıdır. Gənclər təhsil alandan sonra iş tapa bilməyəcəksə, universitetin regionda yerləşməsi nəyi dəyişəcək? Bu gün reallıq ondan ibarətdir ki, regionlarda işsizlik yüksəkdir. İnsanlar, xüsusilə də gənclər, məcbur olub Bakıya üz tuturlar. Bundan əlavə, sosial infrastruktur məsələləri var – səhiyyə, nəqliyyat, ictimai xidmətlər. Bu sahələr tam həll olunmadan universitetləri köçürmək yalnız formal dəyişiklik olar.

– Tələbələrin vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?

– Bu gün Bakıda oxuyan tələbələrin böyük hissəsi kirayədə yaşayır. 3-4 nəfər birləşib mənzil götürürlər. Bəziləri həm oxuyur, həm də işləyir ki, kirayə haqqını ödəyə bilsin. Bu artıq sosial problemdir. Əgər universitetlər regionlara köçürülərsə, eyni vəziyyət orada da yaranacaq. Amma fərq ondadır ki, regionlarda nə kifayət qədər kirayə bazarı var, nə də tələbələr üçün uyğun şərait.

– Deməli, sizcə əvvəl hansı addımlar atılmalıdır?

– Birinci növbədə regionlarda iqtisadi aktivlik artırılmalıdır. Yeni iş yerləri yaradılmalıdır. İnsanlar öz doğma yerlərində işləyə və dolana bilməlidirlər.

İkinci məsələ – sosial infrastruktur. Yollar, nəqliyyat, xəstəxanalar, ictimai xidmətlər inkişaf etməlidir.

Üçüncü çox vacib məsələ – tələbə yataqxanalarıdır. Dövlət və ya universitetlər tərəfindən müasir, əlçatan və keyfiyyətli yataqxanalar tikilməlidir. Tələbə kirayə stressi ilə deyil, təhsili ilə məşğul olmalıdır.

– Valideynlər bu prosesdə necə təsirlənir?

– Bu gün valideynlər üçün ən böyük yük övladlarının təhsil xərcləridir. Kirayə, yol, gündəlik xərclər – bunların hamısı ciddi maliyyə yükü yaradır. Regionlarda isə vəziyyət daha çətindir, çünki gəlir səviyyəsi aşağıdır. Əgər sistemli yanaşma olmasa, universitetlərin köçürülməsi valideynlər üçün əlavə problemlər yaradacaq.

– Yekun olaraq mövqeyiniz necədir?

– Universitetləri regionlara köçürmək ideyası tələsik həyata keçirilməməlidir. Bu, kompleks yanaşma tələb edən məsələdir. Əvvəl iqtisadiyyat, sosial sahələr, infrastruktur və tələbə şəraiti həll olunmalıdır. Ondan sonra belə addımların effektivliyi barədə danışmaq olar. Əks halda biz problemi həll etmirik, sadəcə onun yerini dəyişirik.

Azreform.info qeyd edir ki, mövzu ilə bağlı müzakirələr davam edir və məsul qurumların mövqeyi öyrənilməyə çalışılır.

Избранный
73
azreform.info

1Источники