RU

Bakıdan Zəngəzura uzanan soyqırım zənciri: Dəhşətli FAKTLAR 

Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə törədilmiş ədalətsizliklər içərisində Mart soyqırımı öz amansızlığı və miqyasına görə ən dözülməz faciə hesab olunur. Bu cinayət aktı təkcə bir xalqın nümayəndələrini deyil, bəşəriyyətin mənəvi dəyərlərini hədəf alan kütləvi vəhşilik formasıdır.

Rəsmi statistikaya əsasən, bu dəhşətli hadisələr zamanı 50 mindən çox soydaşımız qətlə yetirilib, on minlərlə insan isə itkin düşərək öz ata-baba yurdundan didərgin salınıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyev bildirib ki, 1918-ci ilin ilk aylarında erməni-daşnak və bolşevik birləşmələri Bakı və ətraf bölgələrdə sistemli qırğınlar həyata keçiriblər:

“Martın 30-dan aprelin 3-dək davam edən qanlı hadisələr Bakıdan başlayaraq Şamaxı, Quba, Lənkəran və Zəngəzura qədər geniş bir coğrafiyanı əhatə etdi. Bu soyqırımının arxasında həm iqtisadi, həm də coğrafi-siyasi maraqlar dayanırdı. Bakı neftinə sahib olmaq istəyən qüvvələr Azərbaycanın müstəqillik arzularını boğmaq üçün dinc əhalini hədəf seçmişdilər. S.Şaumyanın rəhbərlik etdiyi 10 minlik silahlı dəstə uşaq, qoca, qadın demədən minlərlə insanı diri-diri yandırdı, milli memarlıq incilərimizi xarabalığa çevirdi”.

Aydın Tağıyev

Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Fövqəladə İstintaq Komissiyasının materialları faciənin dəhşətli mənzərəsini tam çılpaqlığı ilə ortaya qoyur:

“Komissiyanın sənədlərində qeyd olunur ki, təkcə Şamaxıda 8 min, Zəngəzurda isə 10 mindən çox insan qətlə yetirilib və ya şikəst edilib. Erməni silahlıları İrəvan quberniyasında 199 kəndi yerlə-yeksan edərək 135 min azərbaycanlını məhv ediblər. Bu rəqəmlər sadəcə statistika deyil, bir millətin kökünü kəsməyə yönəlmiş düşünülmüş soyqırımı siyasətinin sübutudur. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla bu tarixə hüquqi-siyasi qiymət verildi və 31 mart ‘Azərbaycanlıların Soyqırımı Günü’ kimi qeyd olunmağa başlandı”.

Aydın Tağıyev qeyd edib ki, bu gün işğaldan azad edilən torpaqlarda tapılan kütləvi məzarlıqlar erməni vəhşiliyinin müasir dövrdəki davamıdır:

“Qubada 2007-ci ildə aşkar olunan məzarlıq 1918-ci ilin qanlı yaddaşıdırsa, Kəlbəcərin Başlıbel kəndində tapılan qalıqlar yaxın tariximizin yarasıdır. İndi bizim əsas vəzifəmiz qazandığımız Zəfəri informasiya müstəvisində möhkəmləndirməkdir. Erməni şovinizminin əsl simasını, kütləvi qırğınların acı nəticələrini dünya mediasına dəqiq faktlarla çatdırmalıyıq. Tariximizi unutmamaq və bu həqiqətləri gələcək nəsillərə ötürmək hər bir media nümayəndəsinin vətəndaşlıq borcudur”.

Tunar
NOCOMMENT.az

Избранный
63
nocomment.az

1Источники