RU

Aprel döyüşləri xalqımızın qələbəyə inamını gücləndirdi

Aprel döyüşləri Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq və qürur salnaməsi kimi həkk olunub. 2016-cı ilin aprelində cəbhə xəttində baş verən hadisələr Ordumuzun gücünü, əsgər və zabitlərimizin sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu döyüşlər xalqımızın vətənpərvərlik ruhunu daha da gücləndirərək sonrakı böyük zəfərlərin mənəvi təməlini formalaşdırdı.

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova QHT.az-a açıqlamasında Aprel döyüşlərinin Azərbaycan xalqının yaddaşında yalnız hərbi uğur kimi deyil, həm də milli ruhun, birlik və vətənpərvərlik hissinin güclənməsində mühüm mərhələ kimi qaldığını bildirib.

Tünzalə Abduləlimovanın sözlərinə görə, həmin dövrdə Ermənistanın təxribatlarına Azərbaycan Ordusunun verdiyi qətiyyətli və peşəkar cavab cəmiyyətdə böyük inam və qürur hissi yaradıb. O qeyd edib ki, xalq bir daha əmin olub ki, ölkənin ərazi bütövlüyünü qorumağa qadir güclü ordusu var və bu ordu xalqın dəstəyinə arxalanır.

Sədr vurğulayıb ki, Aprel döyüşləri xüsusilə gənc nəslin vətənpərvərlik ruhunun yüksəlməsinə ciddi təsir göstərib, şəhidlərin qəhrəmanlığı isə milli həmrəyliyi daha da möhkəmləndirib. Onun fikrincə, bu döyüşlər sonrakı illərdə əldə olunan böyük qələbənin – 44 günlük Vətən müharibəsindəki zəfərin mənəvi və psixoloji əsaslarını formalaşdırıb.

T.Abduləlimova bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan zəfər asan başa gəlməyib. Şəhid anası kimi danışan sədr övladların Vətən uğrunda canlarından keçərək xalqa həm qürur, həm də böyük məsuliyyət miras qoyduğunu diqqətə çatdırıb.

O, xüsusilə qeyd edib: “Övladlarımız canlarını Vətən uğrunda fəda edərək bizə qürurla yanaşı böyük bir məsuliyyət də miras qoydular".

Tünzalə Abduləlimovanın sözlərinə görə, şəhidlərin qəhrəmanlığı bu gün əldə olunan zəfərin əsasını təşkil edir. O əlavə edib ki, bir ana üçün övlad itkisi nə qədər ağır olsa da, onun Vətən yolunda şəhid olması təsəlli verir və başını dik tutur.

Sədr bildirib ki, regionda yaranmış yeni reallıqlar fonunda Aprel döyüşlərinə nəzər saldıqda, həmin qələbənin xalqın öz gücünə inamını daha da artırdığı aydın görünür. Onun sözlərinə görə, bu hadisələr Azərbaycanın haqq mübarizəsinin ədalətli olduğunu bir daha nümayiş etdirib, həm daxili birliyin güclənməsinə, həm də beynəlxalq müstəvidə ölkənin mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verib.

T.Abduləlimova qürur hissi ilə vurğulayıb: “Şəhidlərimizin və Prezident İlham Əliyevin sayəsində qarabağlılar Qarabağa qayıdır".

O, şəhid anası kimi bu qayıdışın hər bir Azərbaycan ailəsi üçün böyük mənəvi dəyər daşıdığını və bunun şəhidlərin müqəddəs xatirəsinin ən böyük təntənəsi olduğunu bildirib.

Fatimə Nəbiyeva

Избранный
68
50
qht.az

10Источники