"Meta" müxtəlif ölkələrdə "Instagram"ın ödənişli abunəlik modelini sınaqdan keçirməyə başlayıb.
Publika.az xəbər verir ki, "Instagram Plus" adlanan bu versiya əsasən "Instagram Stories" (Hekayələr) bölməsi ilə bağlı yeni funksiyalar təqdim edir.
Şirkət dünən (30 mart, bazar ertəsi) "TechCrunch" texnologiya saytına "Instagram" üçün bu sınaqlara başladığını təsdiqləyib.
"Instagram Plus" ilə gələcək funksiyalardan biri başqasının paylaşdığı hekayəni qarşı tərəf fərqinə varmadan izləyə bilməkdir. Hazırda 24 saat ərzində yoxa çıxan bu paylaşımlara kimin baxdığı hekayəni paylaşan şəxs tərəfindən görülə bilir. Ödənişli abunəçilər öz hekayələrini daha 24 saat yayımda saxlaya biləcək və hər həftə bir hekayəni önə çıxararaq daha görünür edə biləcəklər. Bundan əlavə, bu istifadəçilər öz hekayələrinə neçə nəfərin təkrar baxdığını da biləcəklər.
Abunəçilər "Yaxın Dostlar"dan başqa qeyri-məhdud sayda siyahı yaradaraq hər hekayəni kimlərin görəcəyini müxtəlif qruplar altında fərdiləşdirə biləcəklər.