RU

Süni intellektə görə imtahan sistemi dəyişir biz hazırıqmı? AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bildiyimiz kimi süni intellektdən istifadə qloballaşıb. Bu səbəbdən ABŞ universitetlərində tələbələrin süni intellektin geniş istifadəsi fonunda tələbələrin qiymətləndirilməsi üçün şifahi imtahanların tətbiqinə başlanılıb.

Bəs şifahi imtahanların Azərbaycan ali məktəblərində də tətbiq olunması lazımdırmı?

Redaktor.az-a danışan elm və təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev bildirdi ki, biz beynəlxalq təcrübədən mütləq yararlanmalı və onu öz ölkəmizdə tətbiq etməyə səy göstərməliyik:

"Bu birmənalıdır. Amma etiraf etməliyik ki, biz hələ süni intellekt sahəsində Amerika və digər inkişaf etmiş ölkələrin səviyyəsinə çatmamışıq. Çünki nə orta ümumi təhsil məktəblərində, nə də ali təhsil müəssisələrində süni intellekt dərsləri hələ geniş şəkildə tədris olunmur. Yəni bu istiqamətdə rəsmi və sistemli proses mövcud deyil. Məhz buna görə də hesab edirəm ki, hələlik belə addımlar üçün tezdir. Əvvəlcə orta məktəblərdə süni intellekt dərslərinin tədrisi təşkil olunmalı, ali təhsil müəssisələrində isə bu sahə üzrə ixtisaslar yaradılmalı və müəyyən baza formalaşdırılmalıdır. Bundan sonra isə daha irəli mərhələlərə keçmək mümkündür. Yəni gözlənilən faydanı əldə etmək çətin olacaq. Bu prosesə yalnız ilkin baza formalaşdıqdan sonra başlamaq daha məqsədəuyğundur".

Ekspert növbəti tədris ilindən etibarən ali təhsil müəssisələrində bəzi ixtisaslarla yanaşı, süni intellekt ixtisaslarının da açılması gözlənilən hesab edir:

"Bildiyimə görə, bu barədə artıq qərar qəbul olunub və bir neçə universitetdə bu ixtisaslar fəaliyyətə başlayacaq. Bu, çox müsbət və vacib addımdır. Xatırladım ki, bu təşəbbüs daha əvvəl də təklif olunmuşdu: həm orta məktəblərdə süni intellekt dərslərinin tədrisi, həm də ali təhsil müəssisələrində bu sahə üzrə ixtisasların yaradılması. Məqsəd ondan ibarətdir ki, bir neçə ildən sonra biz süni intellekt sahəsində dünya nəhəngləri ilə rəqabət apara bilək. Əgər qlobal rəqabətə qoşulmaq istəyiriksə, bu addımlar mütləqdir. Artıq ali təhsil müəssisələrində bu istiqamətdə ilkin baza formalaşır. Ümid edirəm ki, bu proses orta məktəblərdə də davam etdiriləcək və biz gələcəyin tələblərinə uyğun inkişaf etməyə çalışacağıq. Çünki artıq dövr texnologiya və süni intellekt dövrüdür. Bu mərhələdə əsas məsələ süni intellektdən düzgün və səmərəli istifadə etməkdir. Əgər bu sahədə geri qalmamaq istəyiriksə, beynəlxalq təcrübədən maksimum dərəcədə yararlanmalıyıq".

Müsahibimizin fikrincə, digər ölkələrdə bu sahədə aparılan islahatları öyrənib öz təcrübəmizə uyğunlaşdırmaq vacibdir.

"Süni intellekt artıq qaçınılmazdır və bir çox sahəni əhatə edəcək. Buna görə də indidən hazırlaşmalı, mümkün riskləri əvvəlcədən analiz edib uyğun addımlar atmağı bacarmalıyıq. Nəticə etibarilə, sualınıza cavab olaraq deyə bilərəm ki, hazırda bu prosesin tətbiqi üçün tezdir. Çünki biz hələ nə tədrisə, nə də praktiki tətbiqə başlamışıq. Bu mərhələlər keçildikdən sonra isə müvafiq addımların atılması mümkün olacaq", - deyə Nurəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
1
redaktor.az

2Источники