RU

12 min azərbaycanlının ölümü ilə bağlı dəhşətli faktlar

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər.
Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar. Mövzu ilə bağlı deputat Vüqar Rəhimzadə BUTA.TV-a açıqlamasında bildirib ki, tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpərdən məqamları üzə çıxır və aparılan araşdırmalar nəticəsində təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır: “Şamaxıda baş vermiş hadisələrlə əlaqədar ilkin mənbələrin böyük hissəsi Sovet dövründə cinayəti ört-basdır etmək üçün məhv olunduğuna görə, erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər formalaşmayıb. Ekspertlərin rəyinə əsasən, Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-nın erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Yerli tədqiqatçılar tərəfindən də Şamaxı hadisələri ilə bağlı müvafiq araşdırmalar aparılıb. Yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar əsasında müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetiriblər. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub. Eyni zamanda, onu da qeyd edək ki, Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılıb, 2750-dən çox ev tamamilə yandırılıb”. Vüqar Rəhimzadə vurğulayıb ki, tarix faktlara əsaslanır, saxtakarlığı sevmir. Azərbaycanın real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatı erməni yalanlarının ifşasında əhəmiyyətli rol oynayır: “Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın diplomatik mübarizədə qələbəsini təmin etdi, ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı, ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri soyqırımlar, deportasiyalar dünya ictimaiyyətinə çatdırıldı. Xalqımızın tarixi keçmişinə obyektiv qiymət vermək və ermənilərin havadarlarının dəstəyi ilə iki yüz il ərzində həyata keçirdikləri soyqırımı siyasətinin faciəvi nəticələrini üzə çıxarmaq imkanı yarandı. Mart soyqırımı və digər erməni vəhşilikləri haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atmağa başladı. Qeyd etdiyimiz kimi, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi”. Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" istiqaməti üzrə hazırlanıb.

Избранный
17
buta.tv

1Источники