ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda teatr sahəsində infrastruktur problemləri illərdir müzakirə mövzusu olaraq qalır. Xüsusilə, bəzi teatr kollektivlərinin daimi səhnə və bina çatışmazlığı ilə fəaliyyət göstərməsi sənət adamlarının işini çətinləşdirir. Bu problemlər təkcə yaradıcılıq prosesinə deyil, həm də aktyorların gündəlik fəaliyyətinə birbaşa təsir edir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən aktrisa Zülfiyyə Qurbanova bildirib ki, binasızlıqdan əziyyət çəkən teatrlardan biri də Bakı Bələdiyyə Teatrıdır.

Aktrisanın sözlərinə görə, kollektiv uzun illərdir ki, daimi səhnə problemi ilə üz-üzədir və ümid edirik gələcəkdə bu məsələ öz həllini tapacaq:
“İnanırıq ki, bir gün bizi də bina ilə təmin edərlər və tamaşalarımızı sabit bir məkanda təqdim edə bilərik. Beləliklə, müxtəlif məkanlarda çıxış etməkdən xilas olarıq. Bina probleminə görə aktyorlar çox ciddi əziyyət çəkirlər”.
Zülfiyyə Qurbanova qeyd edib ki, hazırda teatrların fəaliyyəti əsasən fədakar sənət adamlarının səyi hesabına davam edir. Bu sahədə qalmaq həm də böyük iradənin təcəssümüdür. Teatrın yaşaması və ölməməsi üçün biz əlimizdən gələni edirik.
Aktrisa peşəsinə olan bağlılığından da danışıb.
Qurbanova bildirib ki, aktrisalıq onun üçün sadəcə iş deyil, həyatının ayrılmaz hissəsidir:
“Bu sənət mənim üçün peşədən daha artıqdır. Sevdiyim iş olduğu üçün bütün çətinliklərə baxmayaraq fəaliyyətimi davam etdirirəm. Maddi şərtlər yüksək olmasa da, bu sahədə çalışmağa, duruş gətirməyə məcburuq”.
Qurbanova əlavə edib ki, səhnədən uzaq qalmaq onun üçün çətindir:
“Ekran işlərinə çəkilməyəndə, tamaşalarda iştirak etməyəndə darıxıram. Maddi tərəfi hər zaman qane etməsə də, mənim üçün mənəvi dəyəri daha önəmlidir”.
“Bu iş mənim mənəvi aclığımı doyurur. Mövcud çətinliklərə baxmayaraq, sənətə olan sevgim məni bu yolda davam etməyə vadar edir”, — deyə Zülfiyyə Qurbanova sonda vurğulayıb.
Dəniz Pənahova
KONKRET.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.