RU

Körfəzin “aprel şahmatı”: 50 minlik ordu və nüvə kölgəsi

Yaxın Şərqin geosiyasi xəritəsi növbəti və bəlkə də ən həlledici hərbi sınaq qarşısındadır. ABŞ-nin İranın strateji arteriyaları hesab olunan Xarq adası və Hörmüz boğazına 50 min nəfərlik nəhəng hərbi qüvvə ilə müdaxilə hazırlığı regionda “gerisayımın” başladığını göstərir. Bu əməliyyatın strateji əhəmiyyəti ondan ibarətdir ki, o, sadəcə lokal bir toqquşma deyil, müharibənin taleyini həll edəcək ikinci və ən ağır mərhələnin startı kimi qiymətləndirilir.

Proseslərin gedişatı göstərir ki, əməliyyatın üçüncü mərhələsi artıq rejimin tam təslim olması və ya hərbi güclə süqutu ilə nəticələnə bilər.

Məhəmməd Əsədullazadə

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, əslində bu gərginliyin qarşısını almaq üçün vaxtilə diplomatik imkanlar mövcud idi:

“Xüsusilə, ABŞ-nin Prezidenti Donald Tramp tərəfindən irəli sürülən 15 maddəlik razılaşma paketi İran tərəfindən qəbul edilsəydi, bu gün hər iki tərəf üçün daha əlverişli və təhlükəsiz bir şərait yarana bilərdi. Lakin hazırkı vəziyyət diplomatiyadan daha çox hərbi ritorikanın ön plana çıxdığını diktə edir”.

Politoloq bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) artıq bütün resurslarını quru döyüşlərinə yönəldib və bu, faktiki olaraq onlar üçün son şans kimi dəyərləndirilir:

“Müharibənin gedişində ən qorxulu ssenari SEPAH-ın nüvə silahına sahiblənərək onu İsrailə qarşı tətbiq etmə ehtimalıdır ki, bu da münaqişəni regional çərçivədən çıxarıb qlobal fəlakətə sürükləyə bilər. Paralel olaraq, pərdəarxasında Pakistanın vasitəçiliyi ilə gərgin danışıqlar prosesi də davam edir, lakin İrana qarşı intensiv hücumların səngiməməsi prosesi çətinləşdirir. SEPAH quru əməliyyatlarında üstünlük qazanacağını düşünərək öz sərt şərtlərini masaya qoyur ki, bu da tərəflər arasında ortaq məxrəcə gəlməyi hazırda qeyri-mümkün edir.

Əgər İsrail faktoru prosesə kəskin müdaxilə edib mane olmasa, aprel ayında atəşkəs üçün kiçik bir fürsət pəncərəsi açıla bilər. Hazırda dünya bu hərbi və diplomatik şahmat taxtasında növbəti addımın kim tərəfindən atılacağını gözləyir”.

Tunar
NOCOMMENT.az

Избранный
26
nocomment.az

1Источники