RU

Sevgi var, amma nikah yoxdur: Gənclər evlilikdən niyə qaçırlar?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son illərdə gənclər arasında evliliyə marağın azalması və ya bu qərarın gecikdirilməsi diqqəti çəkən sosial məsələlərdən birinə çevrilib. 

Bir çoxları bunu maddi çətinliklərlə əlaqələndirsələr də, məsələ daha dərin – psixoloji səbəblərlə bağlı ola bilər. Gənclərin evlilikdən uzaq durmasının arxasında həm fərdi, həm də cəmiyyətin dəyişən dəyərləri dayanır. 

Maraqlıdır ki, gənclərin evlilikdən qaçmasının əsas səbəbləri nələrdir? 

Ailə və uşaq psixoloqu Aynur İsmayılova “Cebheinfo.az”-a bildirib ki, gənclərdə evlilik qorxusunun əsas psixoloji səbəblərindən biri məsuliyyətdir. 

Çünki 20 il əvvəlki gəncliyə nisbətən indiki gənclər məsuliyyət almaqdan bir qədər çəkinirlər. Psixoloqun sözlərinə görə, ailə məsuliyyəti – uşaq böyütmək və digər cavabdehliklər – gəncləri qorxudur: 

“Gəncləri qorxudan əsas məsələlərdən biri də uşaq tərbiyəsində edilə biləcək səhvlərdir, çünki sonradan buna görə peşman olmaqdan çəkinirlər. Bəzən sosial şəbəkələrdə tanışlıq münasibətləri qurulur və hətta bu münasibətlər evliliyə qədər gedib çıxır. 

Amma bəzi hallarda bu səbəblə boşanmalar çox olur. Çünki sosial şəbəkə tanışlıqlarında hər bir tərəf yalnız göstərmək istədiyi tərəfini nümayiş etdirir, yəni virtual olaraq onlar bir-birilərini çox az tanıyırlar. 

Evlilik sonrası isə bir-birilərini yaxşı tanımadıqlarına görə əvvəlcədən qəbul etdikləri tərəfləri sonradan qəbul etmirlər bu da getdikcə evlilik münasibətlərində soyuqluq yaradır və çox hallarda boşanma ilə nəticələnir”. 

Onun fikrincə, uzunmüddətli münasibətlər indiki gənclər üçün çətinləşib, çünki əvvəllər insanlar üçün çox şey əlçatan deyildi: 

“İndi texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq və insanlar bəzi hallarda uzunmüddətli münasibətlərə tab gətirə bilmir. Çünki dəyərlər dəyişib. Texnologiya vasitəsilə hər şeyi sürətlə əldə etməyə öyrəşdikləri kimi, insanlar münasibətlərdə də tez nəticə gözləyirlər. 

Bu səbəbdən uzunmüddətli münasibətlər onları üzür və bezdirir. Nəticədə gənclər tez və qısa münasibətlər axtarırlar ki, bu da çox vaxt depressiyaya səbəb olur”. 

Psixoloq qeyd edir ki, sürət insanlarda yox,yalnız texnikada yaxşıdır:

“Bir insanın dünyaya gəlməsi üçün 9 ay, orta təhsilin başa çatması üçün isə 11 il lazımdır. Sürət yalnız texnoloji vasitələrdə yaxşıdır”. 

Aişə Abdulova 

“Cebheinfo.az”

Açar sözlər:

evlilik Aynur İsmayılova

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
cebheinfo.az

2Источники