RU

Şəmsi Qoca: “Yaradıcı düşünmə və məntiqi ardıcıllıq tələb edən tapşırıqlar beynin koqnitiv funksiyalarını aktivləşdirir”

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

2027-ci ildən 11 ci sinif üzrə keçirilən buraxılış və blok imtahanlarında xarici dil üzrə yeni test modeli tətbiq ediləcək. Məqsəd şagirdin yaradıcı düşünmə , məntiqi ardıcıllıqla fikir ifadə etmə və dil bacarıqlarını, bir sözlə idrak bacarıqlarını daha da inkişaf etdirməkdir. Artıq onlar əzbərə yox, məntiqi düşünməyə və tapşırıqları anlayaraq həll etməyə diqqət edəcək. Bu üsul beynəlxalq qiymətləndirmə sistemlərində də geniş tətbiq olunur.Bu metod şagirdlərin idrak bacarıqlarını inkişaf etdirməkdə nə qədər təsirli ola bilər?

Təhsil eksperti, publisist Şəmsi Qoca Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu metod bir neçə mühüm istiqamətdə özünü büruzə verəcəkdir: “2027-ci ildən tətbiqi nəzərdə tutulan bu yeni imtahan modeli Azərbaycan təhsil sistemində fundamental bir keçidi - "nəyi bilirsən" mərhələsindən "bildiyini necə tətbiq edirsən" mərhələsinə keçidi simvolizə edir. Şagirdlərin idrak bacarıqlarının inkişafı baxımından bu metodun təsirləri bir neçə mühüm istiqamətdə özünü büruzə verəcəkdir.

Əvvəla, xarici dilin öyrənilməsi artıq sadəcə qrammatik qaydaların mexaniki şəkildə yadda saxlanılması və ya lüğət bazasının əzbərlənməsi çərçivəsindən çıxır. Yeni model şagirdi dili bir ünsiyyət vasitəsi və düşüncə aləti kimi qavramağa məcbur edir. Yaradıcı düşünmə və məntiqi ardıcıllıq tələb edən tapşırıqlar beynin koqnitiv funksiyalarını aktivləşdirir. Şagird hər hansı bir mətni oxuyarkən və ya dinləyərkən sadəcə faktları tapmaqla kifayətlənmir, həm də sətiraltı mənaları analiz edir, səbəb-nəticə əlaqələrini qurur və müəllifin mövqeyini qiymətləndirir. Bu, Bloom taksonomiyasındakı "analiz", "sintez" və "qiymətləndirmə" kimi yüksək səviyyəli idrak bacarıqlarının birbaşa məşqidir.

İkincisi, bu metod şagirdlərin funksional savadlılığını artırır. Beynəlxalq qiymətləndirmə sistemlərində (məsələn, PISA və ya TOEFL/IELTS) tətbiq olunan bu yanaşma şagirdi real həyat situasiyalarına hazırlayır. Şagird imtahan zalında sadəcə bir testi işarələmir, əslində öz fikrini arqumentləşdirilmiş şəkildə ifadə etməyi, məntiqi boşluqları tapmağı və mürəkkəb informasiya axınında istiqamətlənməyi öyrənir. Bu, yaddaşın yüklənməsindən təfəkkürün çevikliyinə doğru atılan böyük bir addımdır”.

Şəmsi Qoca

Şəmsi Qoca vurğulayıb ki, bu model gəncləri qlobal rəqabətə davamlı fərdlər kimi yetişdirəcəkdir: “Nəhayət, bu dəyişiklik tədris prosesinin özünü də bədii və yaradıcı bir müstəviyə daşıyacaqdır. Müəllimlər və şagirdlər artıq "hansı qayda düşəcək" sualı ətrafında deyil, "bu fikri daha təsirli necə çatdıra bilərəm" və ya "bu problemin məntiqi həlli nədir" sualları ətrafında müzakirələr aparacaqlar. Bu isə gənclərin təkcə dil bacarıqlarını deyil, həm də onların dünyagörüşünü və tənqidi təfəkkürünü formalaşdıraraq, onları qlobal rəqabətə davamlı fərdlər kimi yetişdirəcəkdir.

Amma təəssüflə qeyd etməliyəm ki bizim məktəblər, o cümlədən xarici dil müəllimlərimiz buna hazır deyil. Çünki ETN və DİM qarşılıqlı əməkdaşlıq şəraitində işləmir. İkincisi isə ETN mənasız və heç kimə lazım olmayan qrant layihələri ilə məşğul olmaq əvəzinə, ilk növbədə xarici dil müəllimlərini bu mərhələyə hazırlamalı idi. Heyhat! Nəfs zamanı "yedi" deyə bilərik”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
76
bizimyol.info

1Источники