RU

1918 ci il hadisələri təsadüfi deyil Deputat

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Müasir beynəlxalq münasibətlər sistemində tarixi yaddaşın qorunması yalnız humanitar məsələ deyil, eyni zamanda dövlətlərin siyasi legitimliyinin, milli təhlükəsizliyinin və ideoloji dayanıqlığının əsas elementlərindən biri kimi çıxış edir. 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirlər bu baxımdan təkcə anım mərasimi xarakteri daşımır, həm də Azərbaycan dövlətinin milli maraqlarını qorumağa yönəlmiş sistemli siyasətin mühüm tərkib hissəsi kimi çıxış edir".

Bu fikirləri Redaktor.az-a 1918-ci ildə erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından danışan deputat Rövşən Muradov bildirdi.

O qeyd etdi ki, tarixi faktların beynəlxalq ictimaiyyətə çatdırılması, saxta təbliğatın ifşası və milli yaddaşın institusional səviyyədə möhkəmləndirilməsi dövlətçilik konsepsiyasının mühüm komponentidir:

"Cənab Prezident İlham Əliyevin yanaşması göstərir ki, tarixi yaddaş siyasəti sadəcə emosional münasibət deyil, düşünülmüş və məqsədyönlü dövlət siyasətidir. 1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr təkcə bir dövrün faciəsi deyil, planlı şəkildə həyata keçirilmiş etnik təmizləmə və zorakılıq nümunəsidir. Tarixi mənbələr göstərir ki, Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı etnik və dini mənsubiyyətinə görə öldürülüb, yaşayış məntəqələri dağıdılıb, mədəni abidələr məhv edilib. Bu hadisələr təkcə regional tarix deyil, həm də beynəlxalq hüquq baxımından insanlığa qarşı cinayət kimi qiymətləndirilməlidir. Azərbaycan dövlətinin bu məsələyə yanaşması emosional çıxışlardan daha çox hüquqi və siyasi əsaslara dayanır. Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu sahədə sistemli siyasətin başlanğıcı oldu. Bu sənəd yalnız tarixi faktların tanıdılmasına deyil, həm də araşdırmaların aparılmasına, arxiv materiallarının toplanmasına və həqiqətlərin dünyaya çatdırılmasına şərait yaratdı. Bu yanaşma dövlətin uzaqgörən siyasətinin və milli maraqlara sadiqliyinin göstəricisidir".

Deputatın sözlərinə görə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət tarixi ədalətin bərpası istiqamətində ardıcıl şəkildə davam etdirilir:

"Quba Soyqırımı Memorial Kompleksinin yaradılması, araşdırmaların genişləndirilməsi və beynəlxalq platformalarda həqiqətlərin təqdim olunması Azərbaycanın informasiya təhlükəsizliyinin vacib hissəsidir. Bu tədbirlər həm milli yaddaşın qorunmasına, həm də dünya ictimaiyyətinin düzgün məlumatlandırılmasına xidmət edir. 31 Mart hadisələrinin geosiyasi baxımdan təhlili göstərir ki, regionda əhali tərkibini zorla dəyişmək cəhdləri uzunmüddətli planların bir hissəsi olub. Tarixi faktlar sübut edir ki, XIX əsrin əvvəllərindən Cənubi Qafqazda bu istiqamətdə aparılan siyasət sonradan kütləvi zorakılıqlarla müşayiət olunub. Bu baxımdan 1918-ci il hadisələri təsadüfi deyil, məqsədli şəkildə həyata keçirilmiş siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycanın bugünkü dövlət siyasəti bu həqiqətlərin beynəlxalq səviyyədə tanınmasına və regionda davamlı sülhün təmin olunmasına yönəlib. 31 Mart hadisələrinin anılması isə milli birliyin güclənməsinə və ümumi yaddaşın qorunmasına xidmət edir".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
42
1
redaktor.az

2Источники