RU

Ucuz ətin şorbası olmadı - "Makler evlərinin fəsadları

Son günlər yağan güclü yağışlar Bakı və Bakıətrafı ərazilərdə yerləşən bəzi həyət evlərində ciddi fəsadlar yaradıb. .

Əsas ziyan görən tikililər "makler evləri" kimi tanınan normativ tələblərə uyğun inşa olunmayan fərdi yaşayış evləridir. Nəticədə bir çox evlərin həyətləri və zirzəmiləri su altında qalıb, bəzi hallarda isə yaşayış sahələrinə də su dolub.

Mövzunu Milli.Az-a şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, təbii fəlakətlər zamanı həyət evlərində infrastrukturun düzgün qurulması yaşayış sahələrinin subasmadan qorunmasında mühüm rol oynayır.

"Lakin Bakı və Bakıətrafı ərazilərin əksəriyyətində kanalizasiya sistemi ya ümumiyyətlə mövcud deyil, ya da mövcud olan sistemlər tam gücü ilə fəaliyyət göstərmir. Bu səbəbdən həmin ərazilərdə yağıntılar ciddi problemlərə yol açır. Problemin əsas səbəblərindən biri də subasmaya məruz qalan evlərin tikinti normativlərinə uyğun inşa edilməməsidir. Belə ki, bu tip evlərin çoxu ucuz başa gəlsin deyə kürsüsüz tikilir və nəticədə yaşayış sahəsi birbaşa torpaqla təmasda olur. Bu isə divarlarda kiflənməyə, döşəmələrdə nəmlənməyə səbəb olur, eyni zamanda tikilinin aşınma prosesini sürətləndirir".

V.Oruc qeyd edib ki, hidroizolyasiyası olmayan, əsasən tək daşdan inşa edilən evlər zamanla daha ciddi problemlərlə üzləşir.

"Makler evləri" kimi tanınan bu tip tikililərin inşası Ukrayna-Rusiya müharibəsindən sonra tikinti materiallarının bahalaşması fonunda daha da sürətlənib. Hazırda belə evlər əsasən 1-1,5 sot torpaq sahəsində tikilir və nisbətən ucuz qiymətə təklif olunur. Lakin nəzərə almaq lazımdır ki, tikinti normativlərinə uyğun inşa edilməyən bu evlərdə çox vaxt keyfiyyətsiz materiallardan istifadə olunur və onların istismar müddəti maksimum 30 il olur. Bu da həmin evlərə verilən pula dəymir."

Poliqon.info

Избранный
21
4
poliqon.info

5Источники