RU

BMT Vardanyanın istəyini niyə rədd edib? ŞƏRH

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda həbsdə olan erməni əsilli separatçı Ruben Vardanyan ölkəmizə  qarşı BMT-nin Qanunsuz Həbslərlə bağlı İşçi Qrupuna müraciət edib.

O, öz müraciətində İşçi Qrupu onun işini qanunsuz və ya özbaşına həbs işi kimi tanımasını xaşhiş edib.

Ancaq İşçi Qrup Vardanyanın bu tələbini rədd edib.

Qeyd edək ki, bu nəticə həm hüquqi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Çünki uzun müddət beynəlxalq mediada və müxtəlif lobbi çevrələrində Vardanyanın saxlanılması guya siyasi təqib və qanunsuz həbs kimi təqdim olunmağa çalışılırdı.

Tanınmış vəkil Cavad Cavadov Gununsesi.info-ya bildirir ki, belə siyasi rəng verilmiş bir işdə BMT-nin Qanunsuz Həbslərlə bağlı İşçi Qrupunun emosional təsir altına düşməməsi və məsələyə sırf hüquqi meyarlarla yanaşması xüsusi əhəmiyyət daşıyır: “Belə siyasi cəhətdən rəng verilmiş işdə İşçi Qrupunun obyektivliyini itirməməsi və soyuqqanlı qərar verməsi mühüm hüquqi hadisədir. Bu göstərdi ki, beynəlxalq təsisat qarşısında səs-küylü siyasi kampaniya yox, məhz hüquqi arqument və prosedur qaydalarına əməl olunması həlledici rol oynayır.”

Cavad Cavadovun sözlərinə görə, İşçi Qrupunun gəldiyi nəticə onu göstərir ki, Azərbaycan hüquq-mühafizə orqanları Vardanyanın həbsi ilə bağlı işi beynəlxalq hüquqi standartlara zidd formada deyil, qanuni prosedurlar çərçivəsində aparıblar: “Eyni zamanda, Azərbaycanın aidiyyəti dövlət qurumlarının həmin beynəlxalq mexanizmlə apardığı hüquqi və strateji kommunikasiya da nəticəyə təsir göstərən vacib amillərdən biri olub”.

Vəkil qeyd edir ki, burada ən vacib məqamlardan biri ondan ibarətdir ki, BMT təsisatları qarşısında məsuliyyətli, peşəkar və hüquqa söykənən dövlət mövqeyi nəticə verir: “Yəni beynəlxalq müstəvidə emosional bəyanatlardan çox, hüquqi sənədlərin keyfiyyəti, faktların düzgün təqdim edilməsi və prosedur qaydalarına riayət olunması önəmlidir”.

Cavad Cavadov hesab edir ki, bu qərar eyni zamanda Azərbaycan dövləti üçün prinsipial bir mesaj da verir: “Əgər Azərbaycan hökuməti Vardanyan işi üzrə BMT-nin Qanunsuz Həbslərlə bağlı İşçi Qrupunun qərarını haqlı olaraq öz hüquqi mövqeyinin təsdiqi kimi qəbul edirsə, onda həmin təsisatın digər qərarlarına da eyni hörmətlə yanaşmalıdır. Beynəlxalq hüquqa seçmə yanaşma yolverilməzdir. Azərbaycan hökuməti yalnız öz xeyrinə olan qərarları deyil, əleyhinə və ya tənqidi xarakter daşıyan qərarları da nəzərə almalı və onlardan irəli gələn öhdəliklərə ciddi münasibət göstərməlidir”.

Bu baxımdan Cavad Cavadov xüsusi olaraq,Hüseyn Abdullayevlə bağlı BMT-nin Qanunsuz Həbslərlə bağlı İşçi Qrupunun qərarını xatırladır və bildirir ki, həmin qərar da icra olunmalıdır.

““Vardanyan İşi” bir daha göstərdi ki, BMT-nin Qanunsuz Həbslərlə bağlı İşçi Qrupu siyasi fonun deyil, hüquqi materialların əsasında qərar verir. Elə isə Azərbaycan hökuməti də bu təsisatın qərarlarına ardıcıl və prinsipial yanaşmalıdır. Necə ki, Vardanyan işi üzrə qəbul edilən rəyə istinad olunur, eyni yanaşma ilə Hüseyn Abdullayevlə bağlı qərar da icra edilməlidir. Beynəlxalq hüquqa hörmət yalnız bizim xeyrimizə olan qərarların qəbulunda deyil, əleyhimizə olan qərarların da icrasında özünü göstərir.

Beləliklə, Ruben Vardanyanın BMT müstəvisində irəli sürdüyü “qanunsuz həbs” tezisi hüquqi baxımdan nəticəsiz qaldı. Bu, bir tərəfdən Azərbaycanın həmin konkret iş üzrə beynəlxalq hüquqi mövqeyini gücləndirdi, digər tərəfdən isə daha böyük bir prinsip ortaya qoydu: beynəlxalq təsisatların qərarlarına selektiv yox, ardıcıl yanaşmaq lazımdır”.

Firuzə Mahmudova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
1
icma.az

2Источники