RU

Yeni gərginlik nöqtəsi: İsraildə ölüm hökmü ilə bağlı qanun təsdiqlənib...

Qanunun yalnız fələstinlilərə tətbiq oluna biləcəyi iddiaları ilə kəskin tənqid olunur...

Financial Times nəşri

Knesset israillilərin qətli ilə bağlı terror hücumlarında təqsirli bilinən fələstinlilərə ölüm hökmünün tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Eyni şəraitdə fələstinliləri öldürən israilli yəhudilərə isə bu cəza tətbiq olunmur. Financial Times-ın qeyd etdiyi kimi, təşəbbüs həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə kəskin reaksiyalara səbəb olub. Qəbul olunan qanun İsrailin Avropadakı müttəfiqləri, hüquq müdafiə təşkilatları və bəzi israilli müxalif deputatlar tərəfindən irqçi, qüsurlu və beynəlxalq hüquqa zidd kimi qiymətləndirilib.

Sənəd təxminən 12 saat davam edən müzakirələrdən sonra qəbul edilib, qanunun lehinə 62 deputat, əleyhinə isə 48 deputat səs verib. Qanun ultra-sağçı “Yəhudi Gücü” partiyası tərəfindən fəal şəkildə irəli sürülüb və baş nazir Benyamin Netanyahunun dəstəyi ilə qəbul edilib. Maraqlıdır ki, müxalifətin bir hissəsi də sənədi dəstəkləyib.

Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir qanunu “son illərin ən mühüm qərarlarından biri” adlandıraraq onun israillilərə qarşı hücumların qarşısını almağa xidmət edəcəyini bildirib.

Diskriminasiya ittihamları və hüquqi risklər

Qanuna əsas tənqid onun seçici xarakter daşıması ilə bağlıdır. Belə ki, fələstinlilərin işlərinə baxan hərbi məhkəmələrdə israillinin qətli üçün ölüm hökmü əsas cəza kimi nəzərdə tutulur. Eyni zamanda israillilərin, o cümlədən ərəb əsilli vətəndaşların mühakimə olunduğu mülki məhkəmələrdə ölüm hökmü yalnız “İsrail dövlətinin mövcudluğunu inkar etmək niyyəti” sübut edildiyi halda tətbiq edilə bilər.

Tənqidçilərin fikrincə, bu formul faktiki olaraq yəhudi israillilərə ölüm hökmünün tətbiqini istisna edir. Bundan əlavə, qanun ölüm hökmünün hakimlərin sadə səs çoxluğu ilə çıxarılmasına imkan verir və hökmün 90 gün ərzində icra edilməsini tələb edir.

Hüquq müdafiə təşkilatları bu qanunu “ifrat” və “diskriminasiyaedici” adlandırır. İsraildə fəaliyyət göstərən HaMoked təşkilatının rəhbəri Tal Ştayner bildirib ki, bu qanun “açıq şəkildə yalnız fələstinlilərə tətbiq olunacaq” və Cenevrə konvensiyaları da daxil olmaqla beynəlxalq hüquq normalarına ziddir.

Hüquqşünaslar həmçinin məhkəmə səhvləri riskinin artdığına diqqət çəkirlər. Onların fikrincə, sadələşdirilmiş qərar mexanizmi və sürətli icra tələbi geri dönməz nəticələrə gətirib çıxara bilər.

Beynəlxalq reaksiya və mümkün nəticələr

Qanun artıq Avropa ölkələri tərəfindən tənqid olunub. Almaniya, Fransa, İtaliya və Böyük Britaniya onun qəbulundan imtina etməyə çağıraraq sənədin “faktiki diskriminasiya xarakteri” daşıdığını bildiriblər.

İsrail daxilində də bu qanunun demokratik prinsiplərlə uyğunluğu sual altına alınır. Bəzi ekspertlər qeyd edirlər ki, bu, sadəcə ölüm hökmünün bərpası deyil, həm də demokratik ölkələrdə rast gəlinməyən daha sərt modelin tətbiqidir.

Formal olaraq İsrail qanunvericiliyində ölüm hökmü artıq mövcuddur, məsələn, soyqırımı və ya dövlətə xəyanət hallarında. Lakin praktikada bu cəza demək olar ki, tətbiq olunmur. Sonuncu dəfə ölüm hökmü 1962-ci ildə nasist cinayətkar Adolf Eyxmann barəsində icra edilib.

Qanunun 30 gün ərzində qüvvəyə minəcəyi gözlənilir. Eyni zamanda hüquq müdafiə təşkilatları artıq onun İsrail Ali Məhkəməsində mübahisələndiriləcəyini açıqlayıblar ki, bu da sənədin taleyinə ciddi təsir göstərə bilər.

Poliqon.info

Избранный
15
poliqon.info

1Источники