Azərbaycan xalqının keçdiyi tarixi yol yalnız qəhrəmanlıq və uğurlarla deyil, eyni zamanda ağır faciələr və qanlı hadisələrlə də yadda qalıb. Bu acı hadisələrdən biri də 1918-ci ilin mart-aprel aylarında baş verən soyqırımıdır. Həmin dövrdə erməni silahlı dəstələri tərəfindən azərbaycanlı əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törədilib. Minlərlə günahsız insan yalnız milli kimliyinə görə qətlə yetirilib.
Qeyd etmək istərdim ki, 1918-ci ilin mart soyqırımı öz qəddarlığı və geniş miqyası ilə təkcə Azərbaycan tarixində deyil, ümumilikdə bəşər tarixində ən dəhşətli faciələrdən biri hesab olunur. O zaman insanlar yaşından və cinsindən asılı olmayaraq amansızlıqla öldürülmüş, bir çoxu işgəncələrə məruz qalmış, hətta diri-diri yandırılmışdır. Bu hadisələr xalqımızın yaddaşında silinməz iz buraxıb.
Uzun illər bu faciəyə obyektiv siyasi qiymət verilməsə də, məhz Ulu Öndər Heydər Əliyev tərəfindən bu hadisələrə ilk dəfə rəsmi və siyasi qiymət verildi. Onun təşəbbüsü ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan olundu və bu faciənin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atıldı.
Bu gün isə məhz Prezident Cənab İlham Əliyev-in rəhbərliyi ilə 31 mart soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər həyata keçirilir. Dövlət səviyyəsində görülən tədbirlər, beynəlxalq platformalarda aparılan təbliğat və diplomatik fəaliyyət nəticəsində bu faciənin tanıdılması prosesi davam edir və Azərbaycan həqiqətləri getdikcə daha geniş coğrafiyada qəbul olunur.
Zülfiyyə Mahmudova
YAP Yevlax rayon təşkilatının əməkdaşı