RU

31 mart – Azərbaycanlıların Soyqırımı Günü yalnız keçmişin faciəli səhifəsinin xatırlanması deyil



31 mart – Azərbaycanlıların Soyqırımı Günü Azərbaycan tarixində yalnız anım günü deyil, həm də milli yaddaşın, siyasi şüurun və tarixi ədalət axtarışının mühüm ifadəsi kimi çıxış edir. Bu günün mahiyyəti, xüsusilə 1918-ci ilin mart-aprel aylarında baş verən hadisələrin dərin təhlili ilə daha aydın şəkildə ortaya çıxır. Həmin dövrdə Bakı və Azərbaycanın müxtəlif bölgələrində baş verən kütləvi qırğınlar təsadüfi zorakılıq aktı deyil, müəyyən siyasi və ideoloji xəttin nəticəsi kimi qiymətləndirilir.
Bu hadisələrin əsas xüsusiyyətlərindən biri onların təşkilatlanmış xarakter daşımasıdır. Tarixi mənbələrə əsasən, qırğınlar Bakı Soveti mandatı altında fəaliyyət göstərən silahlı qüvvələr və Daşnaksutyun partiyasına bağlı dəstələr tərəfindən həyata keçirilmişdir. Bu qüvvələrin koordinasiyalı fəaliyyəti nəticəsində təkcə Bakıda deyil, eyni zamanda Naxçıvan, Şamaxı, Quba, Qarabağ, Zəngəzur və digər bölgələrdə dinc əhaliyə qarşı genişmiqyaslı zorakılıqlar törədilmişdir. Bu kontekstdə hadisələr etnik və dini mənsubiyyət əsasında hədəflənmiş sistemli zorakılıq kimi xarakterizə olunur.
1918-ci ilin mart-aprel aylarında on minlərlə azərbaycanlı, eləcə də digər etnik qruplardan olan dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəni və dini abidələr məhv edilmişdir. Xüsusilə Şamaxı və Quba bölgələrində baş verən hadisələr bu faciənin miqyasını və qəddarlığını daha aydın göstərir. Şamaxıda minlərlə insanın öldürülməsi və kəndlərin dağıdılması, Qubada isə sonradan aşkar edilmiş kütləvi məzarlıqlar bu hadisələrin sistemli və geniş coğrafiyanı əhatə etdiyini sübut edən faktlar kimi çıxış edir.
Bu hadisələrin ideoloji əsasları da ayrıca diqqət tələb edir. Erməni millətçi dairələri tərəfindən irəli sürülən “Böyük Ermənistan” ideyası regionda etnik təmizləmə siyasətinə zəmin yaratmışdır. Bu ideyanın reallaşdırılması istiqamətində aparılan fəaliyyətlər çərçivəsində azərbaycanlı əhali hədəf seçilmiş və nəticədə kütləvi zorakılıq aktları baş vermişdir. Bu baxımdan, 31 mart hadisələri təkcə lokal toqquşma deyil, daha geniş siyasi məqsədlərlə əlaqələndirilən prosesin tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Müstəqillik dövründə bu hadisələrə hüquqi-siyasi qiymət verilməsi istiqamətində mühüm addımlar atılmışdır. Xüsusilə ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanmış fərmanla 31 martın rəsmi anım günü elan edilməsi dövlət səviyyəsində yaddaş siyasətinin formalaşmasına təkan vermişdir. Bu qərar yalnız tarixi hadisələrin xatırlanması deyil, həm də onların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində sistemli fəaliyyətin başlanğıcı olmuşdur.
Eyni zamanda, son illərdə aparılan tədqiqatlar və yeni faktların üzə çıxarılması bu hadisələrin miqyasının daha geniş olduğunu göstərir. Xüsusilə Qubada aşkar edilmiş kütləvi məzarlıq və aparılan elmi araşdırmalar 1918-ci il hadisələrinin daha dərindən öyrənilməsinə imkan yaratmışdır. Prezidenti İlham Əliyevin Quba şəhərində “Soyqırım memorial kompleksi“nin açılışı zamanı dediyi kimi: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.”
Odur ki, 31 mart – Azərbaycanlıların Soyqırımı Günü yalnız keçmişin faciəli səhifəsinin xatırlanması deyil, həm də tarixi həqiqətlərin araşdırılması, beynəlxalq səviyyədə tanıdılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün, eyni zamanda, cəmiyyət üçün həm yaddaş, həm də məsuliyyət çağırışı kimi çıxış edir.

Yusif Bağırzadə, politoloq
Избранный
49
newscenter.az

1Источники