RU

“İrandakı  rejim yalnız azərbaycanlıların- Təbrizin, Urmiyanın ayağa qalxmasıyla asanlıqla yıxıla bilər...”

“Mən təhlillərimdə Trampın söylədiklərini əsas kimi götürmürəm. Tramp dünən dediyini sabah başqa formada deyir, yaxud tamamilə təkzib edir...”

Politoloq Qabil Hüseynli ilə budəfəki qısa telefon söhbətimizdə ABŞ/İsrail-İran savaşının müxtəlif aspektlərindən danışdıq. 
 
-Qabil bəy, bəzi mənbələrin məlumatına görə ABŞ İran ərazisindəki saflaşdırılmış uran ehtiyatlarını xüsusi bir əməliyyatla ələ keçirmək istəyir.  Sizcə, bu, mümkündürmü?
 
-Hesab edirəm ki, ABŞ və İsrail birgə əməliyyatlarla bir müddət sonra İranı tam kapitulyasiyaya məcbur edəndən və idarəçilik sistemini ələ alandan sonra onun gizlətdiyi 640 kiloqramlıq uran ehtiyatlarını da aşkar edib ölkədən çıxaracaqlar. Əgər İran bic hərəkət edib həmin uran ehtiyatlarını ölkə ərazisindən çıxarmasa... Yəni onları Rusiyaya göndərib Amerikanın əlinə keçməsindən qurtara bilər... Elə  İran üçün ən etibarlı ölkə də Rusiyadır. Amma bütün hallarda molla rejimi tam tərksilah olacaq. Tərksilahın baş elementi məhz saflaşdırılmış uran ehtiyatlarının İranın əlindən alınmasıdır...
 
-Amma son günlər bir çox mənbələr həmin uran ehtiyatlarının 450 kiloqrama yaxın olduğunu bildirir...
 
-Xeyr, mənə məlum olan son rəqəm 640 kiloqramdır...
 
-Belə bir fikir də var ki, ABŞ prezidenti Donald Tramp xüsusi bir quru əməliyyatı keçirməklə İranın saflaşdırılmış uran ehtiyatlarını ələ keçirərək ölkə ərazisindən çıxarmağa və bundan sonra öz qələbəsini elan edərək  savaşı dayandırmağa hazırlaşır...
 
-Mən təhlillərimdə Trampın söylədiklərini əsas kimi götürmürəm. Tramp dünən dediyini sabah başqa formada deyir, yaxud tamamilə təkzib edir. Dediklərinin də çox hissəsi siyasi, elmi, ən adi məntiqi əsaslardan uzaqdır...
 
-Bəs sizcə, İran rejimi asanlıqla təslim olacaqmı? Bir sıra mənbələr İranın raket potensialının yalnız 1/3-nin məhv edildiyini bildirir. Üstəlik, hələ "SEPAH" və ordu ayaqdadır...
 
-Artıq bu müharibə uzunmüddətli xarakter aldı. Tramp isə savaşın birinci günündə İranın ali dini lideri Əli Xamenei öldürüldükdən sonra qalib gəldiklərini və İranın kapitilyasiya etməli olduğunu iddia etdi. İndi də deyir, biz qalibik. İranın hərbi bazalarını, sənaye obyektlərini və s. vurur və dəmdəməki danışmaqda davam edir. Amma bütün hallarda İranın vəziyyəti yaxşı deyil...
 
-Paralel olaraq İsrail ordusunda vəziyyət yaxşı deyil. “Hizbullah”la bir neçə üzbəüz toqquşmadan sonra artıq ordunun dağılması, şəxsi heyətdə çatışmazlıq yaranması ilə bağlı xəbərlər gəlir...
 
-Əlbəttə, İsrail kiçik bir ölkədir. İranla təkbətək döyüşdə heç nə edə bilməzdi. Onun arxasında dayanan Amerikadır. Təyyarələr Amerika istehsalıdır. Hərbi sursat və silahların əksəriyyəti Amerika istehsalıdır. Amma aranı da qızışdıran elə İsrail hökumətidir...
 
-Belə bir versiya da səslənir ki, 2003-cü ildə İraqda olduğu kimi, İran ordusunun və “SEPAH”-ın bir hissəsi xəyanət edə bilər və bu halda Amerika və İsrailin quru əməliyyatıyla asanlıqla İran rejimini devirməsi mümkün olar. Buna necə baxırsız?
 
-Bunu söyləmək çətindir... Lakin onu deyə bilərəm ki, İrandakı teokratik rejim yalnız azərbaycanlıların, Təbrizin, Urmiyanın ayağa qalxmasıyla asanlıqla yıxıla bilər... O halda hər şey rejimin əleyhinə dönəcək...
 
Sultan Laçın
Избранный
33
1
moderator.az

2Источники