RU

Londonda fizika təhsili alan azərbaycanlı tələbə: olimpiada uğurlarından elmi karyeraya- MÜSAHİBƏ

Uşaqlıqdan elmə böyük maraq göstərən, beynəlxalq fizika olimpiadalarında ölkəmizi uğurla təmsil edən gənc azərbaycanlı Murad Abdulkərim hazırda Londonda nüfuzlu universitetlərdən biri olan London Universitet Kollecində (UCL) dövlət proqramı ilə fizika üzrə təhsil alır. AZƏRTAC-a müsahibəsində o, elmi yolunun başlanğıcından, Londonda tələbə həyatından, UCL-də Azərbaycan cəmiyyətinin yaradılmasından və gələcək planlarından danışıb.

-Murad, əvvəlcə özünüz və elmə olan marağınızın necə yarandığı barədə danışardınız.

– Uşaqlıqdan anamın aldığı ensiklopediyalar və “National Geographic” sənədli filmlərinin təsiri ilə çox kiçik yaşlarımdan elmə böyük həvəsim olub. Daha sonralar həm bacarıqlarım, həm də həvəsim məni fizika sahəsinə yönəltdi. Məktəb illərində, xüsusilə 9-cu sinifdən başlayaraq fizika olimpiadaları ilə məşğul oldum və bu sahədə qazandığım təcrübə məni fizika oxumağa yönləndirdi. Beynəlxalq fizika olimpiadalarında Azərbaycan komandasına seçilmiş və ölkəmi IPhO və EuPhO kimi yarışlarda müvafiq olaraq bürünc və gümüş medallarla təmsil etmişəm. Bu nəticələrim sayəsində dövlət proqramına müsabiqədənkənar qəbul aldım və hazırda UCL-də fizika üzrə dövlət təqaüdü ilə təhsil alıram.

-Təhsil həyatınız necə davam edir?

– Hal-hazırda ikinci kurs tələbəsiyəm və əvvəlkindən də böyük həvəslə təhsilimi davam etdirirəm. Bu ölkədə aparılan yüksək səviyyəli fizika tədqiqatlarına yaxından şahid olmaq və bəzi tədqiqat qruplarında yay araşdırmalarında iştirak etmək motivasiyamı daha da artırır. Məqsədim gələcəkdə akademiya və elmi tədqiqat sahəsində fəaliyyət göstərməkdir.

– Londonda tələbə həyatı sizin üçün necə keçir?

– Ümumən yaxşı keçir, maraqlı bir təcrübədir. London çox beynəlmiləl bir şəhərdir və burada hər gün yeni şeylər öyrənirəm. Xüsusilə şəhərin muzeyləri həqiqətən göz qamaşdırıcıdır. Onların əksəriyyəti pulsuzdur və çox müxtəlif eksponatlar təqdim olunur. Təbiət tarixi muzeyindəki dinozavr qalıntıları, Viktoriya və Albert Muzeyində nümayiş olunan Şeyx Səfi xalçası və Səfəvi dövrünə aid qılınclar, eləcə də Britaniya Muzeyindəki Moai heykəlləri xüsusilə yaddaqalandır.

Boş zamanlarımda isə fərdi fizika müəllimliyi edirəm, tarix kimi marağım olan sahələrdə mütaliə və həvəskar araşdırmalar edirəm və saz çalıram.

Tək öyrəşə bilmədiyim şey buranın havasıdır. Burada olduğum müddətdə nə qar gördüm, nə də günəşi yetərincə hiss etdim. Ölkənin təbiətinin bu qədər düz və sadə olması da məni bir qədər təəccübləndirdi. Düzünü desəm, İngiltərədə Qəbələyə bənzər bir yer görmədim.

-Gənc azərbaycanlı tələbə kimi Böyük Britaniyada təhsilin üstünlükləri və çətinlikləri nələrdir?

-Ən böyük üstünlük yüksək səviyyəli təhsildir. Bizə dərs deyən alimlər öz sahələrində ciddi elmi töhfələri olan insanlardır və dərslər zamanı öyrəndiyimiz mövzuların onların tədqiqatlarında necə tətbiq olunduğunu da görürük. Bu, tələbəni birbaşa elmin içinə çəkir. Bundan əlavə, Londonda tələbələr üçün çoxsaylı seminarlar və konfranslar keçirilir. Məsələn, kvant fizikasının 100 illiyinə həsr olunmuş konfransda iki Nobel mükafatı laureatı iştirak edirdi və tələbələr üçün giriş pulsuz idi. Mən də belə tədbirlər sayəsində mühüm əlaqələr qurmuşam və bu yay Oksfordda kvant qravitasiyası üzrə çalışan alimlərdən birinin tədqiqat qrupunda iştirak edəcəyəm.

Çətinliklərdən ən əsası ümumilikdə ingilis təhsil sistemində leksiya saatlarının az olması və tətillərin çoxluğu səbəbindən dərslərin çox yığcam və intensiv keçilməsidir. Bu da, təbii ki, bəzən ağır ola bilir. Digər çətinliklər isə qürbət həyatı ilə bağlıdır və bu, yalnız Birləşmiş Krallığa xas deyil.

-UCL-də Azərbaycan cəmiyyətinin yaradılması ideyası necə yarandı?

-Əvvəllər universitetdə Azərbaycan cəmiyyəti var idi, lakin fəaliyyəti dayanmışdı. Keçən il digər azərbaycanlı tələbələrlə birlikdə onu yenidən təsis etdik. Keçən ilki yoldaşlarımız bu istiqamətdə böyük zəhmət çəkdilər. Onlar məzun olduqdan sonra Londona gələn azərbaycanlı tələbələr üçün faydalı məlumatları özündə əks etdirən xüsusi bir kitabça da hazırladılar və bu il yeni gələnlər həmin kitabçadan geniş şəkildə yararlandılar.

Məqsədimiz Londonda təhsil alan azərbaycanlı tələbələri bir araya gətirmək və onları təmsil edən aktiv platforma yaratmaq idi. Hazırda 50-dən çox tələbəni birləşdiririk və mən bu cəmiyyətin sədriyəm.

-Cəmiyyət çərçivəsində hansı fəaliyyətləri həyata keçirirsiniz?

-Bu il keçirdiyimiz tədbirlər əsasən fərqli mövzular üzrə müzakirə xarakterli idi, lakin ilin əvvəlində daha çox sosial xarakterli yığıncaqlar təşkil etdik. Bizim fikrimizcə, istənilən ölkənin tərəqqisi üçün müzakirə və fikir mübadiləsi zəruridir. Burada oxuyan tələbələrimizin əksəriyyəti dövlət proqramı ilə gəlib və, yeri gəlmişkən, dünyanın ən qabaqcıl qurumlarında təhsil alır, təcrübə keçir. Şübhəsiz ki, bu gün burada oxuyan bir çox yoldaşımız gələcəkdə ölkəmizdə önəmli kadrlar olacaq və öz sahələri üzrə inkişafımıza töhfə verəcəklər.

Cəmiyyət olaraq məqsədimiz bu çevrələri bir araya gətirmək, Azərbaycan üçün aktual məsələlər ətrafında fikir mübadiləsi aparmaq və mütəxəssislərin fikirlərini çatdıra biləcəkləri bir platforma yaratmaqdır. Fərqli tədbirlərlə buna nail olmağa çalışırıq. Məsələn, 20 Yanvarla bağlı cənab səfirin, sosiologiya və hüquq üzrə mütəxəssislərin iştirakı ilə diskussiya təşkil etdik. Bu tədbir standart anım günü tədbirlərindən fərqli olaraq daha geniş fikir mübadiləsi ilə seçilirdi. Çox məhsuldar bir tədbir oldu, bir çox maraqlı suallar səsləndirildi və ümumilikdə 80-dən çox iştirakçı qatıldı.

Daha sonra ölkədəki tələbələr və Kembricdən professor Qərib Mürşüdovla- yeri gəlmişkən, ən çox sitat alan azərbaycanlı alimdir- elm və təhsil mövzusunda söhbət üçün bir araya gəldik. Son tədbirimizdə isə Rüzgar Əhmədzadə “Azərbaycan musiqisində yanlış bilinənlər” mövzusunda maraqlı çıxış etdi.

Gələcək üçün isə artıq planlaşdırdığımız görüşlər var. Bunlar tarix, süni intellekt və iqtisadiyyat kimi mövzuları əhatə edəcək. Uzun sözün qısası, məqsədimiz faydalı və tələbələri həvəsləndirən tədbirlər təşkil etmək, həmçinin tələbələrlə mütəxəssislər arasında bilik və fikir mübadiləsini gücləndirməkdir.

-Uzunmüddətli planlarınız nələrdir? Azərbaycana qayıtmaq fikriniz varmı?

-Sözsüz. Mən təhsil həyatımın demək olar ki, bütün dönüm nöqtələrini vətənimə və millətimə borcluyam. Heç bir vəsait xərcləmədən Təhsil İnstitutunun olimpiada dərslərində və düşərgələrində iştirak etdim, burada yetişərək Beynəlxalq Fizika Olimpiadasında medal qazandım və hazırda dövlət təqaüdü ilə UCL-də təhsil alıram.

Məqsədim, mümkün olarsa, PhD və ya postdok mərhələsindən sonra tam yetişmiş bir mütəxəssis kimi vətənə qayıtmaq və öz ölkəmdə elmlə məşğul olmaqdır. Ümid edirəm ki, bu vaxta qədər ölkəmizdə elmi mühit daha da inkişaf edəcək və tədqiqatlar üçün əlverişli şərait yaranacaq.

-Fizika sahəsinə maraq göstərən məktəblilərə hansı məsləhətləri verərdiniz?

-Əsas məsləhətim fiziklərin işsiz qalması və ya artıq araşdırılıb tapılacaq bir şeyin qalmadığı kimi fikirlərin təsiri altına düşməməkdir. Fizikada hal-hazırda çoxlu tədqiqat sahələri və açıq suallar mövcuddur. Mən oxuduğum sahədən çox məmnunam və çox xoşbəxtəm. Təbiəti bu qədər dərindən öyrənmək təsvir edilməsi mümkün olmayan bir hissdir. Həmçinin, dünyada fizika və riyaziyyat təhsili almış insanlara həmişə tələbat var və bu sahələri yaxşı mənimsəyənlərin elm xaricində də çox yaxşı iş imkanları tapa biləcəyinə inanıram.Azərtac

Избранный
2
4
veteninfo.az

5Источники