RU

Yağışın gizli fəsadı - ƏHALİYƏ XƏBƏRDARLIQ

"Bakı və Abşeron yarımadası ərazisində kənd təsərrüfatı əsasən məhdud su resurslarına uyğun formalaşıb. Burada daha çox tərəvəzlər (pomidor, xiyar, badımcan), bostan məhsulları, üzüm, zeytun, əncir kimi quraqlığa davamlı bitkilər yetişdirilir.

Eyni zamanda, istixana təsərrüfatları geniş yayılıb və xüsusilə pomidor istehsalı bazar üçün böyük paya malikdir. Güclü və uzunmüddətli yağışlar açıq sahədə becərilən tərəvəzlər üçün daha risklidir. Torpağın həddindən artıq su ilə doyması kök çürüməsi, göbələk xəstəlikləri və məhsul itkisinə səbəb ola bilər. Xüsusilə erkən yaz mövsümündə əkilmiş tərəvəzlər və üzüm bağları belə şəraitdən zərər görə bilər".

Bu sözləri "Yeni Sabah"a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. O bildirib ki, istixanalar dolayı yolla yağış sularından mənfi təsirlərə məruz qalır:

"İstixana təsərrüfatları ümumiyyətlə bu cür yağışlardan birbaşa zərər görmür, çünki onlar örtülü mühitdə fəaliyyət göstərir. Amma dolayı risklər var. Güclü yağış drenaj sistemlərini yükləyə, istixanaların ətrafında suyun yığılmasına səbəb ola bilər. Bu isə rütubətin artmasına, bitkilərdə xəstəliklərin yayılmasına və bəzi hallarda konstruksiyaya ziyan riskinə gətirib çıxarır. Əgər istixanalar keyfiyyətli qurulubsa və suyun axını düzgün təşkil olunubsa, risklər minimum olur".

Ekspert qeyd edib ki, yağışın miqdarı normadan xeyli artıq olduqda, yağıntının faydası tez bir zamanda zərərə çevrilir:

"Abşeronun iqlimi əsasən quraq və yarımsəhra tipli olduğuna görə belə intensiv yağışlar qısa müddətdə müəyyən fayda da verə bilər. Torpaqda nəmlik ehtiyatı artır, yeraltı sular qidalanır və suvarma ehtiyacı müvəqqəti azalır. Amma problem ondadır ki, yağışın miqdarı normadan xeyli artıq olduqda bu fayda tez bir zamanda zərərə çevrilir. Torpağın strukturu pozula, şoranlaşma riski arta və bitkilərin kök sistemi zədələnə bilər. Yəni balanslı və tədricən yağan yağış faydalıdır, amma qısa müddətdə normanı bir neçə dəfə aşan yağıntı ümumilikdə daha çox risk yaradır".

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
2
50
yenisabah.az

10Источники