RU

Azərbaycan kinosunun əfsanəvi siması Rasim Balayev

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

Azərbaycan mədəniyyətinin və milli kinematoqrafiyasının tarixində silinməz iz qoymuş elə sənətkarlar var ki, onların yaratdığı obrazlar təkcə ekran çərçivəsində qalmır, xalqın yaddaşına çevrilir. Bu gün Azərbaycan incəsənəti ağır itki ilə üzləşdi - Xalq artisti, böyük aktyor Rasim Balayev dünyasını dəyişdi.

Onun siması Azərbaycan tamaşaçısı üçün sadəcə aktyor obrazı deyildi. O, azadlıq ruhunun Babəki, fəlsəfi düşüncənin Nəsimisi, qəhrəmanlıq və mənəvi bütövlüyün Beyrəyinə çevrilmiş sənətkar idi. Rasim Balayevin yaratdığı qəhrəmanlar milli kimliyimizin, tariximizin və ruhumuzun ekran təcəssümünə çevrildi. Bu rollar vasitəsilə o, təkcə obraz yaratmadı - bir xalqın yaddaşını danışdırdı.

Səhnəyə və kinoya gətirdiyi səmimiyyət, daxili ağrı və dərin baxışlar onun aktyor məktəbini fərqləndirən əsas xüsusiyyətlər idi. O, qəhrəmanlarını oynayarkən onları nümayiş etdirmirdi - yaşayırdı. Bəlkə də buna görə illər keçsə də, onun yaratdığı obrazlar köhnəlmədi, əksinə, zaman keçdikcə daha da qiymət qazandı.

Bu gün Azərbaycan kinosuna baxanda bir qədər nostalji, bir qədər də böyük kədər hiss olunur. Çünki Rasim Balayev kimi sənətkarlar bir dövrün simvolu idi -o dövr ki, kino ideya idi, sənət məsuliyyət idi, aktyor isə xalqın mənəvi sözçüsü sayılırdı.

Onun sənət yolu həm də Azərbaycan kinosunun yüksəliş və sınaq illərinin tarixidir. Kamera qarşısında keçən onilliklər yalnız rolların sayı ilə ölçülmür - bu, sənətə sədaqətlə yaşanmış bir ömrün hekayəsidir.

Rasim Balayev artıq aramızda olmasa da, onun baxışlarında yaşayan bir dövr, səsində eşidilən bir xalqın taleyi və yaratdığı obrazlarda əbədiləşən milli ruh qalır. Bəzi sənətkarlar fiziki olaraq gedir, amma sənətdə qalaraq zamana qalib gəlirlər.

Azərbaycan tamaşaçısı bu gün yalnız böyük aktyorla deyil, öz yaddaşının bir parçası ilə vidalaşır.

Ruhu şad olsun!

Rauf RƏCƏBOV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
6
reyting.az

10Источники