RU

Dövlətçiliyin SARSILMAZ QALASI: 107 illik ŞƏRƏFLİ YOL

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin olunması və xalqın rifahı naminə görülən işlər tariximizin ən şərəfli səhifələrini təşkil edir. Bu mənada, Azərbaycan təhlükəsizlik orqanlarının formalaşması və inkişafı bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndərin uzaqgörən siyasəti, güclü idarəçilik bacarığı və milli maraqlara sadiqliyi sayəsində Azərbaycan təhlükəsizlik sistemi müasir əsaslar üzərində qurulmuş, peşəkar kadr potensialı formalaşdırılmışdır. Məhz onun 23 mart 1997-ci il tarixli Sərəncamı ilə hər il 28 martın təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunması bu sahəyə verilən yüksək qiymətin bariz nümunəsidir. Bu qərar yalnız bir bayram təsis etmək deyil, həm də dövlət təhlükəsizliyi xidmətinin cəmiyyət üçün əhəmiyyətini ön plana çıxarmaq idi.

Ulu Öndərin təhlükəsizlik orqanları ilə bağlı fəaliyyəti isə yalnız müstəqillik dövrü ilə məhdudlaşmır. Onun bu sahədə qazandığı zəngin təcrübə hələ sovet dönəmindən başlayır. SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sıralarında uzun illər çalışan Heydər Əliyev peşəkarlığı, prinsipiallığı və yüksək idarəçilik keyfiyyətləri ilə seçilərək mühüm vəzifələrə yüksəlmişdir. 1967-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin olunması ilə o, milli kadrların yetişdirilməsi, təhlükəsizlik sistemində azərbaycanlıların rolunun artırılması və dövlət maraqlarının qorunması istiqamətində mühüm və tarixi addımlar atmışdır. Bu təcrübə sonralar müstəqil Azərbaycanın təhlükəsizlik strategiyasının formalaşmasına möhkəm zəmin yaratdı.

Ulu Öndərin əsasını qoyduğu bu strateji xətt bu gün də uğurla davam etdirilir. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan təhlükəsizlik orqanları daha da güclənmiş, müasir texnologiyalarla təchiz olunmuş və beynəlxalq standartlara uyğun fəaliyyət göstərən peşəkar quruma çevrilmişdir. Dövlət təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar, milli maraqların qorunması istiqamətində atılan addımlar Azərbaycanın regionda güclü və etibarlı dövlət kimi mövqeyini daha da möhkəmləndirmişdir.

Bu gün Azərbaycan təhlükəsizlik orqanları yalnız ölkə daxilində sabitliyi təmin etmir, həm də qlobal çağırışlara adekvat cavab verə bilən çevik və effektiv sistem kimi çıxış edir. Terrorizmə qarşı mübarizə, kiber təhlükəsizlik, casusluq fəaliyyətlərinin qarşısının alınması və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində əldə olunan nailiyyətlər dövlətimizin gücünü və potensialını nümayiş etdirir.

Xüsusilə İkinci Qarabağ müharibəsi zamanı təhlükəsizlik orqanlarının fəaliyyəti xüsusi qeyd olunmalıdır. 44 gün davam edən Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə yalnız döyüş meydanında deyil, eyni zamanda kəşfiyyat, əks-kəşfiyyat və informasiya təhlükəsizliyi sahəsində aparılan uğurlu əməliyyatların nəticəsi idi. Düşmənin planlarının vaxtında ifşa olunması, strateji məlumatların dəqiqliklə toplanması və düzgün təhlil edilməsi ordumuzun üstünlüyünü təmin edən əsas amillərdən biri olmuşdur.

Bu müharibə bir daha sübut etdi ki, güclü ordu ilə yanaşı, peşəkar və müasir təhlükəsizlik sistemi dövlətin qələbəsinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan təhlükəsizlik orqanları bu sınaqdan şərəflə çıxaraq öz yüksək hazırlıq səviyyəsini və dövlətə sədaqətini nümayiş etdirdi.

Bu gün təhlükəsizlik orqanlarının əməkdaşları səssiz qəhrəmanlar kimi dövlətimizin keşiyində dayanır, milli maraqlarımızı qoruyur, xalqımızın əmin-amanlığını təmin edirlər. Onların fəaliyyəti çox zaman görünməsə də, nəticələri hər bir vətəndaşın gündəlik həyatında hiss olunur.

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə bu şərəfli peşənin bütün nümayəndələrini təbrik edir, onlara məsuliyyətli və şərəfli xidmətlərində uğurlar arzulayırıq. Əminliklə demək olar ki, Ulu Öndərin müəyyən etdiyi strateji kursa sadiq qalan bu sistem bundan sonra da Azərbaycan dövlətinin təhlükəsizliyinin, müstəqilliyinin və davamlı inkişafının etibarlı təminatçısı olacaqdır.

Elşən Həsənov,
NOCOMMENT.az xəbər portalının rəhbəri

Избранный
16
nocomment.az

1Источники