ain.az bildirir, Azertag portalına istinadən.
İstanbul, 27 mart, AZƏRTAC
Müasir dövrdə, rəqəmsal kommunikasiya texnologiyalarının sürətli inkişafı nəticəsində ictimai rəy qlobal miqyasda formalaşan çoxmərkəzli və dinamik bir sistemə çevrilib. Bu transformasiya yalnız informasiya axınının sürətini artırmaqla kifayətlənməyib, həm də onun məzmununa, təsir mexanizmlərinə və etibarlılıq kriteriyalarına ciddi şəkildə təsir göstərib. Əvvəllər ictimai rəyin formalaşmasında ənənəvi media əsas rol oynayırdısa, bu gün sosial media platformaları, rəqəmsal kontent istehsalçıları və hətta süni intellekt əsaslı alqoritmlər bu prosesin aparıcı aktorlarına çevrilib. Bu isə informasiya məkanında həm demokratikləşmə, həm də fraqmentasiya tendensiyalarını paralel şəkildə gücləndirib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İstanbulda keçirilən Strateji Kommunikasiya Sammiti (STRATCOM) çərçivəsində təşkil edilən “Rəqəmsal ünsiyyət ekosistemində qlobal ictimai rəyin transformasiyası” mövzulu panel iclasda çıxışı zamanı Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov ifadə edib.
Rəqəmsal kommunikasiya ekosisteminin əsas xüsusiyyətlərindən birinin onun mərkəzsiz və interaktiv xarakteri olduğunu qeyd edən Əhməd İsmayılov istifadəçilərin artıq yalnız informasiya istehlakçısı deyil, eyni zamanda onun istehsalçısı və yayıcısı olduğunu, bu, yeni reallığın ictimai rəyin formalaşmasında iştirak edən subyektlərin sayını artırmaqla yanaşı, məsuliyyətin də diffuziyasına səbəb olduğunu qeyd edib.
O, çıxışında dezinformasiya və yanlış məlumatların sürətlə yayılması probleminin xüsusi diqqət tələb etdiyini, bununla bağlı, informasiya suverenliyi, milli kommunikasiya təhlükəsizliyi, eləcə də mövcud vəziyyətdə yaranan etimad böhranı kimi məsələlərin narahatlığa səbəb olacaq mövzular arasında yer aldığını deyib.
Bildirilib ki, rəqəmsal kommunikasiya ekosistemində effektiv fəaliyyət göstərmək üçün əsas istiqamət üzrə sistemli yanaşma tələb olunur ki, bunlar da media savadlılığının artırılması, yerli kontentin və milli rəqəmsal platformaların inkişafının təşviqi, dövlət, media və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi, texnoloji həllərin tətbiqi kimi məsələləri əhatə edir.
Son illərdə Azərbaycanda rəqəmsal inkişafın dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edildiyini qeyd edən Əhməd İsmayılov ölkəmizdə bununla bağlı görülən işlər barədə danışıb.
Türkiyənin “TRT World” kanalının baş aparıcısı Kübra Akkoçun moderatorluğu ilə təşkil edilən paneldə Albaniya Media və İnformasiya Agentliyinin direktoru Manjola Hasa, İordaniya Haşimilər Krallığının Hökumət Kommunikasiyaları Nazirliyinin baş katibi Zaid Al Nəvayseh, Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Xarici İşlər Komissiyasının üzvü professor Kamil Aydın, Türkiyənin Radio və Televiziya Baş İdarəsinin (RTÜK) sədri Mehmet Daniş mövzu ilə bağlı çıxış ediblər.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.