RU

Süni intellekt əsaslı alqoritmlər ictimai rəyin formalaşmasında aparıcı aktora çevrilib – Əhməd İmsayılov

BAKI, TurkicWorld

Müasir dövrdə ictimai rəy artıq yalnız milli sərhədlər daxilində formalaşan sosial fenomen deyil. Rəqəmsal kommunikasiya texnologiyalarının sürətli inkişafı nəticəsində ictimai rəy qlobal miqyasda formalaşan çoxmərkəzli və dinamik bir sistemə çevrilib. Bu transformasiya yalnız informasiya axınının sürətini artırmaqla kifayətlənməyib, həm də onun məzmununa, təsir mexanizmlərinə və etibarlılıq kriteriyalarına ciddi şəkildə təsir göstərib.

TurkicWorld xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya Zirvəsi ("Stratcom Summit 2026") çərçivəsində baş tutan "Rəqəmsal kommunikasiya ekosistemində qlobal ictimai rəyin transformasiyası" adlı panel sessiyada çıxışı zamanı deyib.

Ə.İsmayılovun sözlərinə görə, əvvəllər ictimai rəyin formalaşmasında ənənəvi media əsas rol oynayırdısa, bu gün sosial media platformaları, rəqəmsal kontent istehsalçıları və hətta süni intellekt əsaslı alqoritmlər bu prosesin aparıcı aktorlarına çevrilib. Bu isə informasiya məkanında həm demokratikləşmə, həm də fraqmentasiya tendensiyalarını paralel şəkildə gücləndirib:

"Rəqəmsal kommunikasiya ekosisteminin əsas xüsusiyyətlərindən biri onun mərkəzsiz və interaktiv xarakteridir. İstifadəçilər artıq yalnız informasiya istehlakçısı deyil, eyni zamanda onun istehsalçısı və yayıcısıdır. Bu yeni reallıq ictimai rəyin formalaşmasında iştirak edən subyektlərin sayını artırmaqla yanaşı, məsuliyyətin də diffuziyasına səbəb olub".

İcraçı direktor əlavə edib ki, bu transformasiya ilə yanaşı bir sıra çağırışlar da meydana çıxıb.

"İlk növbədə, dezinformasiya və yanlış məlumatların sürətlə yayılması problemi xüsusi diqqət tələb edir. Rəqəmsal platformaların alqoritmik strukturu bəzən emosional və sensasion məzmunu daha çox önə çıxarır ki, bu da obyektiv və faktlara əsaslanan ictimai rəyin formalaşmasına mənfi təsir göstərir.

İkinci mühüm məsələ informasiya suverenliyi və milli kommunikasiya təhlükəsizliyi ilə bağlıdır. Qlobal platformaların dominantlığı bəzi hallarda milli informasiya məkanlarının zəifləməsinə, yerli kontentin geri planda qalmasına səbəb olur. Bu isə dövlətlərin kommunikasiya siyasətində yeni yanaşmaların formalaşdırılmasını zəruri edir.

Üçüncü istiqamət isə etimad böhranıdır. İnformasiya mənbələrinin çoxalması ilə paralel olaraq, onların etibarlılığına dair şübhələr də artır. Bu şəraitdə ictimai rəyin sabit və sağlam əsaslar üzərində formalaşdırılması üçün institusional mexanizmlərin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.

Избранный
1
6
turkic.world

7Источники