RU

İstanbulda növbəti STRATCOM Sammiti işə başlayıb

İstanbulda beşinci Strateji Kommunikasiya Zirvəsi (STRATCOM) işə başlayıb.

AZƏRTAC xəbər verir ki, 38 ölkədən onlarla yüksəksəviyyəli şəxsi bir araya gətirən tədbirdə Yaxın Şərqdəki gərginlik, eləcə də beynəlxalq sistemlə bağlı mövcud suallar müzakirə ediləcək.

Türkiyənin dövlət rəsmiləri ilə yanaşı 10 ölkədən 11 nazir və 60-dan çox yüksəksəviyyəli rəsminin qatıldığı STRATCOM Zirvəsi bu il “Beynəlxalq sistemdə qopma: Böhranlar, narrativlər və nizam axtarışı” mövzusu ilə təşkil olunub.

STRATCOM-da ölkəmizi Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Rəsmi açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanəttin Duran dünyanın artıq alışdığımız nizama görə hərəkət etmədiyini, yaşadığımız dövrdə insan haqlarının və beynəlxalq hüququn pozulması, islamafobiya, sərhədlərin sərt şəkildə pozulması kimi halların normallaşdırıldığını deyib. O, bunun təkcə qlobal siyasi uğursuzluq deyil, əxlaq çöküşü olduğunu, burada yeni texnologiyalar, sosial media, süni intellektdən istifadə edilərək dezinformasiyanın da təsirinin kəskin şəkildə özünü göstərdiyini bildirib.

Burhanəttin Duran dezinformasiyanı qlobal təhlükə kimi qiymətləndirib.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz çıxışında ölkəsinin dünyada baş verən müharibələrdə üzərinə götürdüyü vasitəçi rolu barədə danışıb. O, beynəlxalq gərginliklərdə Türkiyənin sülh körpüləri quraraq vasitəçi rolunu üzərinə götürmə cəhdlərinin təkcə diplomatik refleks deyil, siyasi və tarixi anlayışın yansıması olduğunu deyib.

Tədbirə göndərdiyi videomüraciətdə iştirakçılara uğurlar arzu edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dünyada baş verən son proseslərə toxunub.

O, saxta məlumatlandırılmaların qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin mövzulara daha həssas yanaşmasının vacibliyini vurulayaraq, dünyada sülhün bərqərar olunması üçün ölkəsinin bütün qurumlarının səfərbər olduğunu bildirib.

Tədbir panel iclaslarla davam etdirilib.

İki gün davam edəcək tədbirdə beynəlxalq sistemdə baş verən parçalanmalar, bunun nəticəsində ortaya çıxan böhranlar və qlobal nizam axtarışına dair müxtəlif bölgələrin yanaşmaları ətrafında fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, STRATCOM Zirvəsi Münxen Təhlükəsizlik Konfransından sonra beynəlxalq sistemin gələcəyini strateji kommunikasiya baxımından müzakirə edən ilk yüksək səviyyəli platforma olmaq xüsusiyyətini daşıyır. Zirvə xüsusilə Yaxın Şərqdəki müharibənin beynəlxalq səviyyədə geniş şəkildə müzakirə ediləcəyi mühüm bir mühit təqdim edəcək.

Избранный
4
3
xalqqazeti.az

4Источники