RU

NATO-nun ön cəbhəsi və Şərqin yeni şəriksiz güc mərkəzi: Türkiyənin "Dəmir qübbə"si rəqibləri niyə qorxuya salır

Türkiyə hazırda bir tərəfdən, NATO-nun əsas hərbi təhlükəsizlik dayaqlarından biri kimi çıxış edir, digər tərəfdən isə müstəqil hərbi-siyasi güc mərkəzinə çevrilir... Bu isə Türkiyəni müasir beynəlxalq münasibətlər sistemində həm strateji tərəfdaş, həm də müstəqil oyunçu kimi unikal qlobal imkanlara sahib çıxarır...

NATO-nun Türkiyədə "Patriot" sistemləri yerləşdirməsi Yaxın Şərqdə davam edən hərbi gərginliyə paralel olaraq, bu hərbi-siyasi alyansın qlobal məkana verdiyi önəmli mesaj hesab olunur. Belə ki, NATO-nun bu addımı yalnız hərbi-texniki tədbir deyil, həm də daha geniş geopolitik proseslərin tərkib hissəsi kimi qiymətləndirilir. Xüsusilə də, bu hava hücumundan müdafiə sistemlərinin Türkiyənin cənub-şərqində yerləşdirilməsi rəsmi Ankaranın mövcud regional təhlükəsizlik risklərini daha ciddi qəbul etdiyini göstərir.

Türkiyə Müdafiə Nazirliyinin açıqlamalarına görə, NATO-nun bu addımı ölkənin hava məkanının və sərhədlərinin qorunması məqsədi daşıyır. Üstəlik, bu proses NATO üzrə digər müttəfiqlərlə koordinasiya çərçivəsində reallaşdırılır. Ancaq son baş verən hadisələrin geopolitik kontekstdə təhlili onu göstərir ki, bu yerləşdirmə yalnız müdafiə xarakteri daşımır. Yəni, bu, həm də potensial təhlükə mənbələrinə ünvanlanmış strateji xəbərdarlıq mesajı xarakteri daşıyır.

Onu da qeyd etmək lazımdır ki, Türkiyə hazırda faktiki olaraq, NATO-nun Yaxın Şərqə açılan ön cəbhəsi kimi çıxış edir. Bu baxımdan, Türkiyə ərazisində yerləşdirilən hər bir strateji hərbi sistem regiondakı güc balansına birbaşa təsir göstərir. Bu prosesdə əsas diqqət çəkən önəmli məqamlardan biri də məhz İspaniya faktorudur. Çünki İspaniyaya məxsus "Patriot" sistemləri artıq 11 ildən çoxdur ki, "İncirlik" aviabazası ərazisində yerləşdirilərək, Türkiyənin hava məkanının müdafiəsində birbaşa iştirak edir.

Məsələ ondadır ki, son dövrlərdə Türkiyəyə qarşı yönəldilmiş bir neçə ballistik raketin havada zərərsizləşdirilməsində İspaniya "Patriot"larının xüsusi rol oynadığı bildirilir. Bu, həm də NATO daxilində inteqrasiya olunmuş hava-raket müdafiə sistemlərinin effektiv olduğunu göstərir. Bu isə o deməkdir ki, Türkiyə artıq yalnız milli deyil, həm də NATO-nun kollektiv müdafiə mexanizminin ayrılmaz tərkib hissəsinə çevrilib.

Eyni zamanda, rəsmi Ankara buna paralel şəkildə öz milli müdafiə strategiyasını da gücləndirir. Belə ki, “Dəmir qübbə” kimi xarakterizə edilən hərbi layihə əslində, Türkiyənin çoxpilləli və tam suveren hava-raket müdafiə sistemi qurmaq niyyətini göstərir. Son illərdə Türkiyənin hərbi-sənaye kompleksində əldə etdiyi nailiyyətlər bu strategiyanın real əsaslara söykəndiyini biruzə verir. Türkiyə artıq öz müdafiə ehtiyaclarının təxminən 80 faizini məhz daxili istehsal hesabına ödəyə bilir. Və bu sahədə hətta hərbi ixrac imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirməyə nail olub.

Maraqlıdır ki, Türkiyənin uğurlu dönüş nöqtəsinin təməli isə məhz yaxın keçmişdə Qərb ölkələri tərəfindən tətbiq olunan silah embarqolarına bağlıdır. Həmin dövrdə yaranmış asılılıq problemləri rəsmi Ankaranı öz hərbi-texnoloji bazasını qurmağa məcbur etdi. 1980-ci illərdən başlayaraq, lisenziyalı istehsal vasitəsilə formalaşan hərbi mühəndislik potensialı 2000-ci illərdən sonra Türkiyənin tammiqyaslı milli müdafiə sənayesinə çevrildi.

Nəticədə, hazırda Türkiyə pilotsuz uçuş aparatlarından tutmuş ən müasir hava hücumundan müdafiə sistemlərinə qədər geniş spektrdə rəqabət qabiliyyətli hərbi texnika istehsal edir. Maraqlı məqam ondan ibarətdir ki, NATO raket sistemlərinin Türkiyədə yerləşdirilməsi ilə rəsmi Ankaranın müdafiə suverenliyi arasında müəyyən paradoksal balans da mövcuddur.

Məsələ ondadır ki, bir tərəfdən, Türkiyə bu hərbi-siyasi alyansın texnoloji və kəşfiyyat imkanlarından faydalanaraq, öz milli təhlükəsizliyini gücləndirir. Digər tərəfdən isə rəsmi Ankara uzunmüddətli perspektivdə xarici asılılığı minimuma endirmək və tam müstəqil müdafiə arxitekturası qurmaq kursunu davam etdirir. Və bu iki istiqamət üzrə yürüdülən strategiya Türkiyənin son illərdə həyata keçirdiyi çoxvektorlu xarici siyasətlə də uzlaşır.

Yəni, Türkiyə həm NATO daxilində öz mövqelərini qoruyur, həm də buna paralel olaraq, digər güc mərkəzləri ilə də qarşılıqlı münasibətlərini balanslaşdırmağa çalışır. Belə ki, Türkiyənin əvvəlki dövrlərdə Rusiyadan "S-400" raket sistemləri alması Qərblə münasibətlərdə ciddi gərginlik yaratmışdı. Və hazırda məhz həmin problem rəsmi Ankaranın hərbi-strateji müstəqillik xəttinin əsas simvollarından biri kimi qiymətləndirilir.

Ona görə də, nəticə etibarilə NATO-nun "Patriot" raket sistemlərinin Türkiyədə yerləşdirilməsi sadəcə, lokal xarakterli müdafiə tədbiri deyil. Çünki bu, daha geniş hərbi-strateji transformasiyanın tərkib hissəsi kimi görünür. Yəni, hazırda Türkiyə bir tərəfdən, NATO-nun əsas hərbi təhlükəsizlik dayaqlarından biri kimi çıxış edir. Digər tərəfdən isə rəsmi Ankara böyük uğurla özünü müstəqil hərbi-siyasi güc mərkəzi kimi formalaşdırmağa çalışır. Bu isə Türkiyəni müasir beynəlxalq münasibətlər sistemində həm strateji tərəfdaş, həm də müstəqil oyunçu kimi unikal qlobal imkanlara sahib çıxarır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Избранный
15
19
musavat.com

10Источники