ABŞ ordusu hərbi xidmətə qəbul qaydalarında mühüm dəyişiklik edib.
Musavat.com xəbər verir ki, yeni qərara əsasən, maksimum yaş həddi 35-dən 42-yə qaldırılıb və bəzi hallarda məhkumluğu olan şəxslərin də xidmətə qəbuluna icazə verilib.
Qaydalara görə, yalnız bir dəfə marixuana və ya onunla bağlı ləvazimat saxlama maddəsi ilə məhkum edilmiş şəxslər artıq xüsusi icazə almadan ordu sıralarına qoşula biləcəklər. Əvvəllər bu cür hallar formal olaraq xidmətə maneə hesab olunurdu, baxmayaraq ki, praktiki olaraq bəzi istisnalar tətbiq edilirdi.
Məlumata görə, bu dəyişikliklər daha geniş yaş qrupundan namizədlərin cəlb olunmasına hesablanıb. Statistikaya əsasən, 25-35 yaş aralığındakı namizədlər ilkin hazırlıq mərhələsində təxminən 15 faiz daha az sıradan çıxır və xidmət zamanı daha dayanıqlı nəticələr göstərirlər.
Qeyd edək ki, ABŞ ordusu 2006-cı ildə də İraq və Əfqanıstan müharibələri fonunda yaş həddini 42-yə qaldırmış, 2016-cı ildə isə yenidən 35 yaşa endirmişdi. Yeni qərar isə kadr çatışmazlığını aradan qaldırmaq və daha təcrübəli şəxsləri xidmətə cəlb etmək məqsədi daşıyır.
Musavat.com