RU

Sərhədlərdən Uzaqda Başlayan Əxlaqın Səsi

Siyasət və əxlaq arasındakı mübahisələrin kökləri çox qədim zamanlara dayanmaqdadır. Mahiyyət etibarilə milli maraqlar üzərində qurulan xarici siyasət gündəmə gəldikdə, əxlaqla bağlılıq ya çox nadir hallarda xatırlanır, ya da milli maraqlar əxlaq donuna büründürülərək xarici siyasətə haqq qazandırmaq üçün istifadə olunur. Siyasət ilə əxlaq arasındakı mübahisə insanları düşündürən önəmli suallardan biri kimi tarix boyu öz aktuallığını qorumaqdadır. 

Alman filosofu Immanuel Kant hələ XVII əsrdə beynəlxalq münasibətlərdə müəyyən qədər əxlaqi ölçünün vacibliyinə diqqət çəkmişdi. Onun bu yanaşması, siyasətin yalnız güc və maraq üzərində qurulmamalı olduğunu xatırladırdı. Daha sonra ilahiyyatçı Reinhold Niebuhr 1946-cı ildə bu məsələni daha sərt şəkildə ifadə etmişdir: “Yaxşılıq etmək üçün nə qədər pislik etməliyik?” Bu sual əslində siyasətin içində gizlənən dərin etik paradoksu üzə çıxarır.

Niebuhrun fikrincə, bəzən daha böyük bir fəlakətin qarşısını almaq üçün dövlətlər ağır və hətta əxlaqi baxımdan problemli qərarlar verməyə məcbur qalırlar. O yazırdı ki, ən aqressiv rejimlərin hökm sürdüyü bir dünyanın doğura biləcəyi ölçüyəgəlməz şərin qarşısını almaq üçün qalib tərəflər bəzən özləri də ciddi pisliklər etməyə sürüklənirlər.

Bu çərçivədə xarici siyasətdə əxlaqi prinsiplərin yeri olub-olmaması beynəlxalq münasibətlər elminin ən əsas mübahisə doğuran mövzularından biridir. Realist yanaşmanı mənimsəyən tədqiqatçılar hesab edirlər ki, dövlətlərin davranışlarını müəyyənləşdirən əsas amil əxlaqi mülahizələr deyil, milli maraqlardır. Onlara görə, beynəlxalq sistemdə sağ qalmaq və gücünü qorumaq istəyən hər bir dövlət, ilk növbədə öz maraqlarını ön planda tutmağa məcburdur. Beynəlxalq arenada “yaxşı” və ya “pis” dövlət yoxdur. Dövlətlər, əsas diqqətlərini təhlükəsizliklərini təmin etməyə, varlıqlarını qorumağa yönəltməlidir.

Liberallar isə digər dövlətlərlə münasibətlərində müəyyən qayda və normalara əməl edənləri “yaxşı”, əməl etməyənləri isə “pis” dövlətlər kimi təsnif edirlər. Bu baxımdan liberal beynəlxalq nizam və ya qaydalara əsaslananların həm tərəfdarları, həm də əleyhdarları vardır.

Xarici siyasət yalnız gücün deyil, vicdanın da sınaq meydanıdır. Əxlaq çox zaman siyasətin sərt divarları arasında itib gedən bir pıçıltı kimi qəbul edilir. Güc yol göstərə bilər, amma istiqamət verməz.

Əxlaqsız qələbə səssiz bir məğlubiyyətdir. Dünya qorxudan ibarət ola bilməz. İnsanlıq qorxu üzərində deyil, ədalət üzərində qurulmalıdır.
 

Fikrət Əkbərli,

Türkiyə üzrə araşdırmaçı-yazar

Избранный
18
1
adalet.az

2Источники