RU

Ceyhun Şüküroğlu. Nadir ADAM... (Esse)

Azərbaycanın məşhur televiziya və kino reyissoru Nadir Diridağlının 65 yaşı tamam olur. Nadir Diridağlı "Tək olanda qorxma" serialının, "Babadağ", "Güllələnmiş heykəllər", "Yurd yeri" və s. bədii-sənədli televiziya filimlərinin, elm, ədəbiyyat və sənət adamlarından bəhs edən, Azərbaycanın əsrarəngiz təbiətinə, adət və ənənələrinə, vətən nisgilinə həsr olunan yüzlərlə televiziya verilişinin yaradıcısı - ssenari müəllifi və quruluşçu rejissorudur.
 
Bu münasibətlə ssenarist-rejissor Ceyhun Şüküroğlunun Nadir Diridağlının 65 illik yubileyinə həsr etdiyi "Nadir adam" yazısını təqdim edirik:
 

Nadir ADAM...

 

O bu dünyaya rejissor olmaq üçün gəlib. Onu bəzən əlində qələm ssenari yazan, bəzən gördüklərini kameranın yaddaşına köçürən, ya da kompüter arxasında çəkilənləri ipə-sapa düzürmüş kimi zərgər dəqiqliyi ilə işləyən gördük. O bu yaşa nə vaxt gəlib çatdığını özü də bilmir. Çünki dağda-daşda, kənd-kənd, el-el, oba-oba dolaşmaqdan yaşını belə xatırlamır. Ruhən cavan, qəlbən uşaq qədər yumşaq və saf olan Nadir Diridağlı. Televiziya məkanında onu tanımayan çox az adam tapmaq olar. Hamıya əl tutan, gəncləri öz balaları qədər sevən, onlara yol göstərən Nadir...
 
Bəzən ona baxanda, onunla söhbət edəndə düşünürsən ki, bu adam rejissor olmasaydı, kim ola bilərdi. Amma məncə elə yenə rejissor olardı...
 
Təpədən dırnağa rejissor adam...
 
 
Nadir Diridağlı qırx ildən artıqdır ki, televiziya rejissorudur. Yaradıcılıq yoluna rejissor köməkçisi kimi başlayan Nadir zəhməti və istedadı ilə baş rejissor vəzifəsinə qədər yüksəlib. Bu illər ərzində o, müxtəlif sənədli və bədii filmlərə, televiziya tamaşalarına, saysız-hesabsız verlişlərə quruluş verib.
 
O, həm də televiziya sahəsində neçə-neçə gənc kadrları yetişdirən böyük ustad, sevimli müəllimdir.
 
Nadir Diridağlı Araz çayının sahilində, qədim Xudafərin körpüsünə söykənən Cəbrayılın Dərzili kəndində sadə və zəhmətkeş bir ailədə doğulub. O, həm də qayğıkeş ailə başçısı, həyat yoldaşı, övladlarına nümunə bir atadır.
 
 
Həyat yoldaşı da jurnalistdir və bu yaradıcı ailənin 2 övladı var. Oğlu Tural hüquqşünasdır, Fransada fəaliyyət göstərir, Nihal isə djital-marketinqdir, Amerikada yaşayır.
 
Nadir Diridağlını tanıyan hər kəs onu həm də mehriban, səmimi və sədaqətli bir dost kimi tanıyır. Onun sadəliyi, təvazökarlığı və insanlara olan hörməti həm dostları, həm də həmkarları arasında ona xüsusi rəğbət və ehtiram qazandırıb.
 
Bu illər ərzində onun ən böyük sərvəti insanların qəlbində qazandığı hörmət və sevgidir.
 
 
Nadir təvazökar bir insandır. O, sənətdə çəkdiyi bunca zəhmətə baxmayaraq, heç vaxt şan-şöhrət arxasınca qaçmayan, ad-san axtarmayan nadir insanlardandır. Onun üçün əsas olan insan sevgisi, dostluq və dəyərdir.
 
Nadir Diridağlı heç vaxt doğum günlərini xüsusi təntənə ilə qeyd etməyi sevməyən, sadəliyi və sakitliyi üstün tutan insandır.
 
 
Çünki zaman keçdikcə adlar unudula bilər, səslər səngiyər, amma insanların qəlblərində qoyduğumuz iz silinməz və əbədi yaşayır.
 
Bu gün 65 yaşın astanasında olan Nadir Diridağlını səmimi qəlbdən təbrik edir, ona can sağlığı, uzun ömür və yeni-yeni uğurlar arzulayırıq. Qoy, onun ömür yolu bundan sonra da sənətə, insanlığa və dostluğa xidmət edən işıqlı yol olaraq davam etsin.
 
Yüz yaşa, Nadir adam.
 
Ceyhun Şüküroğlu
©CivilAzerbaijan
 
 
 
Избранный
8
3
hit.az

4Источники