RU

Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlərin nazirliyə verilməsi nəyi dəyişəcək? – Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Fərmanla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri (bu Fərmanın 3.3-cü bəndi nəzərə alınmaqla) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.

 

Yeniliyin vətəndaşlara göstərilən tibbi xidmətlərdə hansısa dəyişikliyin yaradıb-yaratmayacağı isə müzakirə mövzusudur.

 

Pravda.az-a açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, səhiyyə sisteminin maliyyələşməsinin tibbi idarəetmədən ayrılması çox mühüm addımdır.

 

Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqindən sonra səhiyyənin uğurlu inkişafı, islahatlar prosesinin fərqli məcrada davam etməsi müşahidə olunub: “Etiraf etmək lazımdır ki, bu müddət ərzində cənab Prezidentin xüsusi diqqət və qayğısı ilə aparılan bu islahatlar prosesində çox uzun bir yol qət edildi. Ancaq indi tibb müəssisələrinin inkişafı və göstərilən tibbi xidmətlərin, Xidmətlər Zərfinin səviyyəsi elə bir formadadır ki, artıq operativ tibbi idarəetmə ilə tibb xidmətinin maliyyə idarəetməsi, o cümlədən də İcbari Tibbi Sığorta Fondunun idarəlunmasındakı vahid sistemli yanaşma fərqli modelin tətbiqini zəruri edir. Bu da islahatlar prosesində anlaşılandır və prosesin məntiqi ardıcıllıqla davam etməsidir. Artıq dövlət daha ciddi nəzarət mexanizmləri tətbiq etməklə və maliyyədən səmərəli istifadə edilməsi üçün iki agentliyin birləşməsindən kifayət qədər uğurlu bir modelin tətbiqi istiqamətində addım atdı və İcbari Tibbi Sığorta Fondunda toplanan vəsait ümumi səhiyyənin maliyyələşməsində mühüm amil rolunu oynayacaq. Bu agentliyin Nazirliyin tabeliyinə verilməsi isə daha ciddi, daha sistemli islahatların və vəsaitlərə daha ciddi nəzarət mexanizminin formalaşmasına gətirib çıxaracaq. Proses yekunlaşdıqdan sonra Agentlik fəaliyyətə başladıqca biz müsbət nəticələri çox qısa zaman ərzində müşahidə edəcəyik”.

 

Şəhanə Quliyeva

Tarix: 25 Mart 2026, 11:06   
Избранный
42
pravda.az

1Источники