“Ermənistan heç bir halda qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürməməlidir.”
NOCOMMENT.az xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, bu barədə ölkə parlamentinin sədri Alen Simonyan bəyanatla çıxış edib.
Spiker vurğulayıb ki, regionda münasibətlər elə qurulmalıdır ki, heç bir dövlət digərinə hücum etmək barədə düşünməsin. “Biz bölgəmizdə sülhü təmin etmək və müharibənin qarşısını almaq üçün əlimizdən gələni etməliyik”, – deyə Simonyan əlavə edib.
Parlament sədri Ermənistanda yeni Konstitusiyanın qəbul edilməsi məsələsinə də toxunaraq, bunun müstəsna olaraq ölkə maraqlarına xidmət etdiyini bildirib. Simonyan qeyd edib ki, əsas məqsəd Ermənistanın regionda təhdid kimi qəbul edilməsinə əsas verən amilləri aradan qaldırmaqdır. “Mən Ermənistanın maraqlarını düşünürəm. Ölkəmizin marağı isə ondan ibarətdir ki, bizim elə bir Konstitusiyamız olmalıdır ki, heç kim bizi regionda təhlükə mənbəyi hesab etməsin”, – deyə o, vurğulayıb. Bu açıqlamalar rəsmi İrəvanın regional təhlükəsizlik və qonşularla münasibətlərin tənzimlənməsi istiqamətində atdığı diplomatik gedişlərin tərkib hissəsi kimi qiymətləndirilir.
Sara,
NOCOMMENT.az