RU

Məscidlə kilsənin yan-yana olduğu kənd: Burada cəmi bir azərbaycanlı ailə yaşayır - FOTO

Fərqli millətlər, fərqli adətlər, fərqli inanclar, amma eyni həyat... Gürcüstanın Kvemo Kartli bölgəsində Tsalka bələdiyyəsində yerləşən Trialeti kəndi bu yaşamın çox yaxşı nümunəsidir. Burada azərbaycanlı, erməni, yunan və gürcüəsilli ailələr bir arada, qarşılıqlı hörmət və səmimiyyət şəraitində yaşayırlar.

Moderator.az xəbər verir ki, "Report"un Gürcüstan bürosunun əməkdaşı Ramazan bayramı ərəfəsində Trialeti kəndinə səfər edərək bu birgəyaşayışın necə qurulduğuna yaxından şahidlik edib.

Öncə qeyd edək ki, Trialeti Tbilisidən 100, Tsalkadan 7 km məsafədə, Xram çayının sağ sahilində, Çoçiani yaylasında, dəniz səviyyəsindən 1 500 metr yüksəklikdə yerləşir. Tetritskaro-Tsalka regional yolu bu kənddən keçir.

Kənd 1857-ci ildə Aleksandergilf adı ilə Cənubi Almaniyadan gəlmiş protestant qaçqınlar tərəfindən salınıb. Sonradan adı Rozenberq, 1941-ci ildə isə Molotov olub. 1957-ci ildə kəndin indiki Trialeti adı bərpa edilib.

1815-ci ildə imperator I Aleksandr dini təqiblərə məruz qalan almanların Qafqazda məskunlaşmasına icazə vermişdi. Tarix boyu kənddə almanlar, yunanlar və digər etnik qruplar yaşayıblar, hazırda isə əhalinin əsas hissəsini gürcülər, ermənilər, pont yunanları və bir azərbaycanəsilli ailə təşkil edir.

Fərqli din və milliyyət kənddə daha çox yaxınlıq yaradır

Kənd sakini Zebur Mgeladze ilə tanış oluruq. Bizi evinə qonaq edir və Trialeti kəndi barədə ətraflı məlumat verməyə çalışır:

"Biz Trialeti kəndində azərbaycanlılar, ermənilər, yunanlar, gürcü acarlar və gürcü müsəlmanlarla birgə yaşayırıq. Xristianlar bizə böyük hörmət bəsləyirlər, biz də onlara hörmətlə yanaşırıq. Bu gün ölkədə matəm olsa da, (Bütün Gürcüstanın Katalikos-Patriarxı II İliyanın vəfatı ilə əlaqədar - red.) xristianlar Ramazan ibadətimizə görə bizə təbrik göndərdilər və biz də həmişə onların yanındayıq. Tsalkada tarix boyu fərqli etnik mənşəli insanlar yaşayıblar. Çalışacağam ki, Trialeti ilə sizi yaxından tanış edim".

Onun sözlərinə görə, fərqli din və milliyyət kənddə ayrılıq deyil, daha çox yaxınlıq yaradır.

Zeburun həyat yoldaşı Xatuna Qoçeridze kənddə müəllimədir. Məktəbdə müxtəlif millətlərdən olan şagirdlər, həm də müəllimlər arasında çox mehriban münasibət olduğunu deyir:

"Ümid edirəm ki, bu mehribanlıq və birgəyaşayış hər zaman bu cür davam edəcək".

Amiran Mgeladze isə Zebur Mgeladzenin atasıdır. Dediyinə görə, 2004-cü ildə Gürcüstanın Adıgen rayonundan köçərək burada yerləşiblər:

"Buraya gələndə bizi azərbaycanlılar, yunanlar və ermənilər çox səmimi qarşıladılar. Bu günə qədər də aramızda mehriban qonşuluq, yaxın dostluq və xoş münasibətlər davam edir. Əsas məşğuliyyətimiz maldarlıq və müəyyən qədər əkinçilikdir. Biz burada azərbaycanlılarla tanış olanda çox sevindik, çünki biz də müsəlmanıq. Ümumiyyətlə, biz burada etibarlı və qarşılıqlı hörmət içərisində yaşayırıq".

Məscidlə kilsənin yan-yana olduğu kənd: Burada cəmi bir azərbaycanlı ailə yaşayır - REPORTAJ

Trialetinin Ramazan ənənələri

Kənddə Ramazan bayramı ərəfəsində acar ailələr ənənəvi şirniyyat - halva hazırlayır, iftar süfrəsi qururlar. Zeburun anası Eteri Mgeladze məhz bu barədə danışır:

"Bütün müsəlmanların bayramını təbrik edirəm. Biz bayrama halva bişirməklə başlayırıq. Unu qovururuq, yağa və şəkərə qarışdırıb hazır edirik. Halvasız bayram olmaz".

Bayram ovqatı yalnız mətbəxdə deyil, gündəlik həyatda da hiss olunur. Zeburun övladları Laşa və Sandro acar rəqsi ilə bayram əhvalını yaşayırlar. Səhər saatlarında isə bayram namazı qılınır, kənd sakinləri bir-birini təbrik edir, milli mətbəxə xas yeməklər hazırlanır.

Yeganə azərbaycanlı ailə - böyük bir icmanın parçası

Trialetidə yaşayan yeganə azərbaycanlı ailə - Piriyevlər də bu birgəyaşayışın ayrılmaz hissəsidir. Amin Piriyev deyir ki, burada heç vaxt özünü yad hiss etməyib:

"Burada doğulmuşam, burada böyümüşəm. Heç vaxt hiss etməmişəm ki, mən yad millətdənəm. Hamımız bir ailə kimi yaşamışıq".

Onun sözlərinə görə, kənddə etimad və qarşılıqlı hörmət o qədər güclüdür ki, insanlar bir-birinə evini, təsərrüfatını belə rahatlıqla etibar edirlər.

Piriyevlərin evində qurulan çay süfrəsi kənd həyatının başqa bir üzünü göstərir. Aminin anası Səbinə Piriyeva çay süzərək deyir:

"Biz 35 ildir, burada yaşayırıq. Bu kənddə müxtəlif millətlər var, amma heç vaxt fərq hiss olunmur. Hamımız bir ailə kimiyik".

Bu kənddə bir xristian ölkəsində islamın necə yaşadığını acarlar və yeganə azərbaycanlı ailənin gündəlik həyatında aydın görmək mümkündür. Din sözlə yox, əməllə, davranışla ifadə olunur.

Səbinə Priyevanın həyat yoldaşı Rasim Piriyevin sözlərinə görə, bu ərazidə zamanla müxtəlif xalqların nümayəndələri məskunlaşıblar:

"Bildiyimizə görə, əvvəllər burada almanlar yaşayıblar. Sonra onlar köçüblər, yerinə yunanlar gəliblər. Daha sonra kənd bir müddət boş qalıb. Sonradan burada acarlar məskunlaşıblar və kəndin həyatında yeni mərhələ başlayıb. Kənddə məscidin tikilməsi də məhz o dövrə təsadüf edir. Acarlar gəldikdən sonra kənddə maldarlıq da inkişaf etdi".

Məscidlə kilsə yan-yanadır

Yeri gəlmişkən, qeyd edək ki, küçədə məscidlə kilsə yan-yana dayanır. Burada mövcud olan yeganə kilsə (yevangelist-lüteran mənşəli) 1906-cı ildə tikilib, 2017-ci ildə isə bərpa edilib.

Trialetidə bayram günləri xüsusi ab-hava ilə yadda qalır. Kənd sakini Malxaz Mgeladze bildirir ki, Ramazan bayramı insanları bir araya gətirən ən önəmli hadisələrdən biridir:

"Bayram namazı səhər tezdən qılınır. Bu günlərdə kənddən köçənlər də geri qayıdırlar. Hər kəs bir-birinin evinə qonaq gedir, yaxınlarının məzarlarını ziyarət edir. Namazdan sonra kənddə xüsusi bir canlanma hiss olunur. İnsanlar bir-birini təbrik edir, uşaqlar həyətlərdə oynayır, böyüklər isə süfrə arxasında söhbət edirlər".

Bayram süfrəsi: Ənənə və birlik

Ramazan bayramı ərəfəsində kənddə hazırlanan süfrələr həm də paylaşma mədəniyyətinin bir nümunəsidir. Acar ailələrdə ənənəvi yeməklər hazırlanır: bol yağda əridilmiş pendirdən hazırlanan borano, qoz və toyuq ətindən saçivi, qarğıdalı unundan bişirilən cadi və müxtəlif kompotlar süfrəni bəzəyir. Bu süfrələr ətrafında yalnız ailə üzvləri deyil, qonşular da toplaşırlar. Onlar bayram sevincini millət fərqi qoymadan birlikdə bölüşürlər.

Qonşuluq və birgəyaşayış

Zebur Mgeladze bizi qonşuları ilə də tanış edir. Əslən yunan olan George Stamatov deyir:

"Ana tərəfim erməni, ata tərəfim isə yunanəsillidir. Xristianam. Burada müsəlmanlarla birlikdə yaşayırıq və qonşuluq münasibətlərimiz çox yaxşıdır. Onlara nəsə lazım olanda bizə gəlirlər, bizə nəsə lazım olanda isə onlara gedirik. Dostcasına yaşayırıq. Türkcəni də müəyyən qədər öyrənmişik, çünki dilimiz ona bənzəyir. Qalanını isə əsasən, televizorda baxdığımız filmlərdən öyrənmişik. Amma gündəlik həyatda daha çox gürcü dilində danışırıq. Eyni zamanda, erməni dilində və öz yerli dialektimizdə də ünsiyyət qururuq".

Georgenin atası Valeko Stamatovun sözlərinə görə, əcdadları XIX əsrin əvvəllərində Anadolu ərazisindən bu bölgəyə köçürülüb:

"Biz Türkiyədən - Ərzurum, Qars tərəflərdən gəlmişik. Erməni və yunan ailələri də bu ərazilərdən köçüblər. O vaxt rus generalı Paskeviç bizi bu torpaqlarda məskunlaşdırıb. Buralar boş idi, gəlib burada yaşamağa başladıq".

Bu kənddə bir-birinə əl tutmaq həyat tərzidir

V.Stamatovun həyat hekayəsi elə Trialetinin çoxmillətli ruhunu əks etdirir. O, yunan, həyat yoldaşı isə ermənidir. Evdə iki dildə danışırlar:

"Uşaqlarımız həm erməni, həm də yunan dillərini bilirlər. Üç övladımız var - hərəsi öz həyatını qurub, amma hamımız bir-birimizə bağlıyıq".

Onun sözlərinə görə, kənddə yaşayan insanlar üçün əsas olan milliyyət deyil, insanlıqdır:

"Nəyə ehtiyac varsa, bir-birimizə kömək edirik. Bu bizim həyat tərzimizdir".

Məscidlə kilsənin yan-yana olduğu kənd: Burada cəmi bir azərbaycanlı ailə yaşayır - REPORTAJ

Azərbaycanlılarla qonşuluq: "Qardaş kimi yaşamışıq"

Valeko Stamatov azərbaycanlılarla münasibətlərin hər zaman səmimi olduğunu xüsusi vurğulayır:

"Azərbaycanlılarla həmişə qardaş kimi yaşamışıq. Burada yaşayan Piriyevlər ailəsini də yaxşı tanıyırıq. Onların babası bu kənddə çobanlıq edirdi, hamı ilə münasibəti yaxşı idi. Bizim kəndin ətrafı, əsasən, azərbaycanlı kəndləri idi - Əsərvən, Çolaq, Çölən. Eyni işləri görürdük, birlikdə işləyib, birlikdə dolanırdıq".

Valekonun erməniəsilli həyat yoldaşı Anaida Salartsotsyan da deyir ki, kənddə yaşayan müsəlman acarlar və azərbaycanlılarla münasibətləri çox yaxındır:

"Bir-birimizin evinə gedirik, çay içirik, yemək yeyirik. Qonşuluğumuz çox yaxşıdır".

Beləliklə, Trialetidə şahidi olduqlarımıza əsasən deyə bilərik ki, burada insanlar bir-birini yalnız qonşu kimi yox, ailə üzvü kimi qəbul edirlər. Fərqli din daşıyan millətlər, sadəcə, yanaşı yaşamır, bir-birini anlayır, dəstəkləyir və ortaq həyat qururlar. Bəlkə də bu kəndi xüsusi edən elə budur: fərqli ola-ola eyni dəyərləri - insanlığı qorumaq!

Избранный
15
3
moderator.az

4Источники