RU

Bu ölkələr İranla bağlı HƏRƏKƏTƏ KEÇDİ: Üçüncü Dünya Müharibəsi başlayacaq?

Yaxın Şərqdə gərginlik yenidən pik həddə çatıb. ABŞ və İran arasında artan qarşıdurma, İsrail faktorunun aktiv iştirakı və regionda hərbi əməliyyatların intensivləşməsi beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur. Proses fonunda qlobal güclərin və regional aktorların mövqeyi də diqqətlə izlənilir.

Bəs mövcud eskalasiya yaxın perspektivdə genişmiqyaslı müharibəyə, hətta Üçüncü Dünya Müharibəsinə çevrilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırda ABŞ və İran arasında, eləcə də İsrail faktorunun iştirakı ilə gedən qarşıdurma kifayət qədər intensivdir.

Hərbi

Onun sözlərinə görə, döyüş əməliyyatlarında üstünlük əsasən ABŞ və İsrail tərəfindədir:

“İranın zərbələrinin sayı münaqişənin ilk günləri ilə müqayisədə xeyli azalıb. Bu, ehtiyatların tükənməsi və resursların azalması ilə bağlıdır. Lakin bunu tam zəifləmə kimi qiymətləndirmək düzgün olmaz. Xüsusilə, pilotsuz uçuş aparatlarının istehsalı və istifadəsi daha sadə olduğuna görə, İranın yaxın dövrdə məhz bu vasitələrə daha çox üstünlük verəcəyi gözlənilir.”

Ekspert vurğulayıb ki, müharibənin genişlənməsi hazırda real görünmür:

“ABŞ münaqişəni lokallaşdırmağa, yəni məhdud çərçivədə saxlamağa çalışır və bu mərhələdə genişmiqyaslı müharibə planları müşahidə olunmur. Əksinə, münaqişənin genişlənməsində daha çox maraqlı olan tərəf İrandır. Lakin İranın zəifləyən hərbi potensialı buna imkan vermir.”

İran müxtəlif vaxtlarda Körfəz ölkələrini, eləcə də Azərbaycan və Türkiyə kimi qonşu dövlətləri prosesə cəlb etməyə cəhd göstərib. Lakin bu addımlar nəticəsiz qalıb və əksinə, bəzi hallarda beynəlxalq qınaqla qarşılanıb.”

Qlobal güclərin mövqeyinə toxunan ekspert bildirib ki, Rusiya və Çin məsələdə fərqli yanaşma sərgiləyir:

“Rusiya müəyyən mənada İranı dəstəkləməyə məcburdur, çünki Ukrayna müharibəsində İran istehsalı olan dronlardan istifadə edilir. Çin isə əvvəllər İranın əsas neft idxalçılarından biri olsa da, xüsusilə Hörmüz boğazı ilə bağlı risklər səbəbindən daha çox gözləmə mövqeyinə çəkilib.”

Ekspert əlavə edib ki, regionun digər mühüm aktorları, Pakistan, Türkiyə və İsrail  gələcəkdə İranla bağlı qərarların formalaşmasında ABŞ ilə kordinasiyalı şəkildə iştirak edə bilərlər:

“Mövcud qərarlar İran üçün ciddi nəticələr doğura bilər və ölkənin gələcəkdə bu yükü daşıya bilib-bilməyəcəyi hələ də açıq sual olaraq qalır. Hazırkı mərhələdə qarşıdurmanın “üçüncü dünya müharibəsi” səviyyəsinə çatması real görünmür, lakin regional gərginlik yüksək olaraq qalmaqdadır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Избранный
84
48
konkret.az

10Источники