RU

BOKT lardan kredit götürənləri hansı risklər gözləyir? Ekspertdən AÇIQLAMA

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda bank xaricində fəaliyyət göstərən kredit təşkilatları son illərdə maliyyə bazarında diqqət çəkən bir seqmentə çevrilib. İnsanlar niyə məhz bu təşkilatlara üstünlük verirlər? BOKT-ların fəaliyyətinə nə dərəcədə nəzarət olunur və bu nəzarət effektivdir? Bu təşkilatlardan kredit götürən vətəndaşlar hansı risklərlə üzləşə bilər?

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Akif Nəsirli “AzPolitika”ya açıqlamasında bildirib ki,Azərbaycanda bank olmayan kredit təşkilatlarına marağın artmasının əsas səbəblərindən biri onların daha əlçatan və sürətli xidmət göstərməsidir.

Ekspert qeyd edib ki, banklarda kredit almaq üçün tələb olunan sənədlər, rəsmi gəlir sübutu və digər şərtlər bir çox insan üçün çətin olduğuna görə, BOKT-lar daha sadə prosedurlarla kredit təqdim edir: “Xüsusilə kiçik məbləğli və qısa müddətli kreditlər üçün bu təşkilatlar daha rahat seçim kimi görünür. Bundan əlavə, regionlarda bank xidmətlərinin məhdud olduğu yerlərdə BOKT-lar alternativ maliyyə mənbəyi rolunu oynayır. Bu təşkilatların fəaliyyətinə dövlət tərəfindən nəzarət mövcuddur və onlar müvafiq lisenziya əsasında fəaliyyət göstərirlər. Nəzarət əsasən maliyyə sabitliyi, hesabatlılıq və qanunvericiliyə uyğunluq üzərindən aparılır. Bununla belə, banklarla müqayisədə nəzarət mexanizmləri və tələblər nisbətən daha yumşaqdır. Bu da bəzi hallarda şəffaflıq və istehlakçı hüquqlarının qorunması baxımından boşluqlar yarada bilir”.

A.Nəsirli vurğulayıb ki, ümumilikdə, nəzarət sistemi mövcuddur, lakin onun effektivliyi bütün bazar iştirakçıları üçün eyni səviyyədə deyil: “BOKT-lardan kredit götürən vətəndaşlar bir sıra risklərlə üzləşə bilər. Ən əsas risk yüksək faiz dərəcələridir. Bu təşkilatlar riskli müştərilərlə işlədiyi üçün faizlər banklarla müqayisədə daha yüksək olur və nəticədə borcun qaytarılması daha çətinləşə bilər. Digər risklərdən biri müqavilə şərtlərinin tam başa düşülməməsidir. Bəzən gizli komissiyalar, cərimələr və gecikmə faizləri borcun sürətlə artmasına səbəb olur. Eyni zamanda borc yükünün artması və borc tələsinə düşmə riski də mövcuddur. Asan əldə edilən kreditlər insanları düşünülməmiş maliyyə qərarları verməyə sövq edə bilər. Bəzi hallarda bir neçə BOKT-dan eyni vaxtda kredit götürülməsi maliyyə vəziyyətini daha da ağırlaşdıra bilər.

Bütün bunlara baxmayaraq, bu təşkilatlar düzgün istifadə olunduqda maliyyə əlçatanlığını artırır və kiçik sahibkarlığın inkişafına dəstək verir. Lakin vətəndaşların kredit götürməzdən əvvəl şərtləri diqqətlə oxuması, real ödəmə qabiliyyətini qiymətləndirməsi və yalnız etibarlı, lisenziyalı təşkilatlara müraciət etməsi vacibdir”.

Oğuz Ayvaz

AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
70
azpolitika.info

1Источники