RU

“İRANDA QURU ƏMƏLİYYATI ABŞ ÜÇÜN FƏLAKƏT OLAR” Zalujnı ABŞ yə “ölüm zonası” təhlükəsini xatırlatdı

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-nin İranda başlatdığı hərbi əməliyyat getdikcə Donald Tramp administrasiyasına daha böyük başağrısı və problemlər yaratmaqdadır. Hava zərbələri hər nə qədər İran rejiminin rəhbərliyini, ölkənin hərbi obyektlərini və potensialını sıradan çıxarsa da, ümumilikdə rejim dayanıqlığını saxlayır. ABŞ-nin İrandan gözlədiyi kapitulyasiya, yaxud danışıq təklifləri elə gözlənti olaraq qalır. Əvəzində, İran ABŞ-nin tərəfdaşı olan körfəz ölkələrinin neft-qaz infrastrukturuna zərbələr endirməkdə davam edir.

Son günlər hava zərbələrində istədiyi nəticəni ala bilməyən ABŞ-nin məhdud quru əməliyyatı keçirməsi ssenarisi ətrafında müxtəlif müzakirələr aparılır. Lakin bu ideyaya müsbət yanaşanlar elə də çox deyil.

“İranda quru əməliyyatına başlamaq cəhdi ABŞ üçün hərbi fəlakət olardı”.

Bunu Ukrayna Silahlı Qüvvələrinin keçmiş komandanı və Ukraynanın Londondakı hazırkı səfiri general Valeri Zalujnı "The Telegraph" qəzetində dərc edilən məqaləsində yazıb.

"Bu bölgədə keçmiş müharibələrin sürəti bir çox fantaziyalar doğurub. Lakin Rusiya-Ukrayna müharibəsinin döyüş meydanlarında baş verən böyük dəyişikliklər müharibənin paradiqmasını da dəyişdirib. Bunun nəticəsi olaraq öz döyüş qabiliyyətini sınamaq istəyənlərin hərbi imkanlarının mahiyyəti də dəyişib” – deyə, o, bildirib.

Zalujnı vurğulayır ki, Ukrayna asimmetrik döyüş imkanlarına dayanaraq kiçik dövlətlərin daha böyük dövlətlərə qarşı durmaq qabiliyyətini nümayiş etdirib. Zalujnı deyir ki, “ABŞ açıq şəkildə İranda "darmadağın strategiyası”nı həyata keçirməyə çalışarkən, iranlılar dərhal "tükəndirmə strategiyası”na keçdilər və indi hücum edən tətəf açıq şəkildə ciddi problemlərlə üzləşəcək".

General qeyd edib ki, Ukraynadakı cəbhə xəttində dronların həm əsgərləri, həm də texnikanı məhv etdiyi "ölüm zonası" konsepsiyası tam şəkildə tətbiq olunur. Onun fikrincə, ABŞ İrana qoşun yeritməyə cəhd edərsə, iranlılar da ABŞ qoşunlarının eniş zonasında "ölüm zonası" yaratmağa cəhd edə bilərlər. Zalujnı hesab edir ki, bu, amerikalılar üçün fəlakət olardı.

Ukraynalı general yazır: ""Ölüm zonası" texnologiyasının ən vacib tərəfi odur ki, bu zonada canlı insanların olması nəinki mənasızdır, həm də qeyri-mümkündür. Çünki bu ərazi tamamilə insanları və nəqliyyat vasitələrini ovlayan dronlar tərəfindən idarə olunur. Əgər kimsə əsgəri maşına çevirməyə və “ölüm zonası”na quru qüvvələri göndərməyə çalışsa, bu, böyük bir səhv olar".

Xatırladaq ki, dünən ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını açmaq üçün İrana 48 saat vaxt verib. Əks təqdirdə ölkənin iri elektrik stansiyalarını məhv etməklə hədələyib: “Əgər İran təhdidlərdən çəkinərək Hörmüz boğazını 48 saat ərzində tamamilə açmasa, Amerika Birləşmiş Ştatları onun müxtəlif elektrik stansiyalarını məhv edəcək. Və ilk olaraq ən böyüyündən başlayacaq”.

Göründüyü kimi, Trampın hədə-qorxuları da quru əməliyyatlarını nəzərdə tutmur. Görünür, bunun fəlakətlə nəticələnə biləcəyi təkcə Zalujnıya deyil, ABŞ generallarına da məlumdur…

C.Məmmədli

“AzPolitika.info”  

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
71
50
azpolitika.info

10Источники