RU

"Pis" xolesterini azaldan giləmeyvənin adı açıqlandı

Tutun (lat. Morus) meyvələrindən əldə edilən antosian ekstraktı, orqanizmə yağlı və xolesterinlə zəngin qidaların zərərli təsirini azalda bilər. Binjou Tibb Universitetinin tədqiqatçıları bu qənaətə gəliblər. Oxuməni.az xəbər verir ki, elmi işin nəticələri "Frontiers in Nutrition" jurnalında dərc olunub.

Alimlər tutun tərkibindəki birləşmələrin bağırsaq mikrobiotasına, iltihabi proseslərə və qaraciyərdəki maddələr mübadiləsinə necə təsir etdiyini öyrəniblər. Tədqiqatçılar əsas diqqəti antosianlara yönəldiblər – flavonoidlər qrupuna aid olan, giləmeyvələrə tünd rəng verən və antioksidant xüsusiyyətləri ilə tanınan təbii piqmentlər.

Eksperiment ateroskleroz (damar divarlarında xolesterin lövhələrinin əmələ gəlməsi) riskinin yüksək olduğu siçanlar üzərində aparılıb. Yüksək yağ tərkibli pəhrizdə olan heyvanlara əlavə olaraq tut antosianları verilib.

Nəticələr göstərib ki, bu əlavə orqanizmdə "pis" xolesterinin səviyyəsini və iltihabi marker olan interleykin-1β-nin səviyyəsini azaldıb. Eyni zamanda, hüceyrələri zədələnmədən qorumağa kömək edən antioksidant ferment qlutationperoksidazanın fəallığı artıb.

Bağırsaq mikrobiotasında da dəyişikliklər baş verib. Heyvanlarda daha əlverişli maddələr mübadiləsi ilə əlaqəli bakteriyaların sayı artmış, əvvəllər iltihabi proseslərlə əlaqələndirilən mikroorqanizmlərin payı isə azalmışdır.

Bundan əlavə, alimlər qaraciyərin metabolizmində dəyişikliklər aşkar ediblər. Antosian qəbulundan sonra hüceyrələr üçün əsas enerji mənbəyi olan ATP molekulunun və iltihabi proseslərlə əlaqəli bəzi birləşmələrin səviyyəsi aşağı düşüb. Eyni zamanda, toxumaların bərpası prosesində iştirak edən amin turşusu qlütaminin miqdarı artıb.

Elmi işin müəllifləri hesab edirlər ki, məhz maddələr mübadiləsi və mikrobiota tərkibindəki belə dəyişikliklər aterosklerozun inkişafı ilə əlaqəli risk faktorlarını zəiflədə bilər. Lakin tədqiqatçılar vurğulayırlar ki, eksperiment heyvanlar üzərində aparılıb, buna görə də nəticələri birbaşa insanlara tətbiq etmək hələ tezdir.

Almaz Həsənli

Избранный
26
oxumeni.az

1Источники