RU

Qonşuluğun qızıl şərtləri – Bakı və Ankaranın üzü ağdır

 

Yaxın Şərqdə alovlanmış müharibə fonunda bölgədə yerləşən ərəb ölkələri ilə türk respublikalarının arasında ciddi bir fərq ortaya çıxıb.

Ərəb ölkələri İrana qarşı müharibəyə bu və ya digər şəkildə müdaxil oldular, türk respublikaları isə olmadılar.

Türkiyə, Azərbaycan, eləcə də Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan qonşuluq münasibətlərini qoruyaraq, ABŞ və İsrailin həyata keçirdiyi hərbi əməliyyatlara yardım göstərmədilər.

Bu, xüsusilə də Türkiyə və Azərbaycana aiddir. Çünki bu ölkələrin İrana qarşı plasdarm kimi istifadə olunmasına dair hələ 20 il öncədən israrlı xahişlər, hətta tələblər davam edirdi. Üstəlik, İran tərəfi müharibənin yeni başladığı günlərdə panikaya qapılaraq Türkiyə və Azərbaycanı özünə qarşı cəbhə tutmağa sövq edən hərəkətlərə yol vermişdi (Bu iki ölkəyə raket və dron zərbələri nəzərdə tutulur).

Bölgədəki ərəb ölkələrindən Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər, Oman, İraq, Küveyt isə İranın vurulması üçün şərait yaratdılar, ABŞ-nin istinad qalası oldular və eləcə də davam edirlər. Bu ölkələrdə ABŞ-nin hərbi bazaları var və Pentaqon onlardan hərtərəfli yararlanmaqdadır.

İran dövləti bu ölkələri özünə düşmən saymaqda və onların ərazisindəki strateji obyektlərə raket zərbəsi endirməkdə xeyli dərəcədə haqlıdır. Çünki onlar İrana hücum edənlərə yardım göstərirlər, özlərini ABŞ-nin əyalətlərindən biri kimi aparırlar.

Əsl müstəqil dövlətə yaraşan o olardı ki, o, əbədi qonşusuna hücum edən dövlətə yardım göstərməz, neytral qalmağa çalışardı. Ancaq Fars\Ərəb körfəzinin krallıqları göstərdilər ki, onlar deyildikləri qədər də müstəqil dövlət deyillər, İranla haqq-hesabları var və onu okeanın o tayındakı superdövlətin əliylə həll etmək istəyirlər.

Ərəb dövlətlərinin yad əllərdə maşa olmağa asan razılaşmasının kökü qədim dövrlərə gedib çıxır. Bu gün ərəblərin dünya miqyasında özlərindən söz etdirmələrinə, sərvətlərinə görə məşhur olmalarına baxmayın, onların dövlətçilik ənənələri zəifdir. Son yüz ilə qədər ərəb qəbilələrinin 700 il boyunca müstəqil dövləti olmayıb. Axırıncı dəfə 1258-ci ildə Abbasilər xilafəti süqut edəndən sonra ərəblər qeyri-ərəb xalqların hökmranlığı altında yaşayıblar. Bu torpaqlarda monqollar, məmlüklər, Anadolu türkləri, sözün bütün mənalarında at oynadıblar – ta ingilislər və fransızlar gələnə qədər.

1-ci dünya müharibəsi zamanı regiona müdaxilə edən ingilislər və fransızlar ərəblərə dövlətlər qurub veriblər, əvəzində onlardan itaət tələb ediblər. II dünya müharibəsindən sonra ingilislərin rüsxəti ilə ABŞ də bölgəyə yerləşib. Ərəb dövlətlərinin ABŞ və Böyük Britaniyadan olan vassal asılılığı hazırda davam edir.

Əlcəzair, Tunis, Mərakeş, Suriya, Liviya, Livan kimi ölkələr isə yaxalarını Fransanın əlindən yalnız indi-indi tam qurtarmağa çalışırlar.

Ərəb ölkələrinin ABŞ-Britaniya tandemi qarşısında başqa cür mövqe tutmaq, onların iradəsinə qarşı çıxmaq lüksü yoxdur. Hətta ötən əsrin ortalarında ABŞ İsrail dövlətinə himayədarlıq edərək, bu dövlətlərin İsraili təkləməsinə imkan vermədiyi, məğlubiyyətə uğramalarına bais olduğu vaxtlarda da onlar ABŞ-yə qarşı çıxmayıblar. Çoxu qəhərlərini udub, ABŞ-yanlı olmaqda davam edib. Vaşinqtona qarşı çıxan ərəb ölkələrinin (İraq, Suriya, Yəmən, Liviya) taleyi isə hər kəsə bəllidir.

Bu baxımdan 20-ci əsrin birinci yarısında regionda bərqərar olmuş anqlo-saks dominantlığı hələ də sarsılmazdır. Buralar ABŞ və İngiltərənin mandat əraziləri, protektoratlarıdır – qeyri-rəsmi olsa da.

Ancaq 21 əsrin əvvəllərindən başlayaraq, Türkiyə ABŞ-nin “əlaltı dövləti” statusunda olmasına qarşı çıxdı və bir neçə gərgin siyasi-hərbi toqquşmadan (hərbçilərin ultimatumu ilə hakimiyyət dəyişikliyinə cəhd, iki qiyam təşəbbüsü – 17-25 dekabr və 15 iyul) sonra buna nail oldu. Hazırda ABŞ ilə Türkiyənin arasındakı siyasi soyuqluğun, intriqanın əsas səbəbi məhz budur: Türkiyənin ABŞ-nin buyruqları ilə hərəkət etməməsi.

2004-cü ildən bu ilə qədər ABŞ-dən ölkəmizə gələn emissarların - Pentaqon generallarının, Dövlət Departamenti rəsmilərinin, müxtəlif diplomatların, senator və konqresmenlərin çalışdığı o idi ki, Azərbaycanı da İrana qarşı plasdarma çevirsinlər və ABŞ cənub qonşumuza planlaşdırılan hücumlarda ərazimizdən istifadə etsin. Lakin bütün dilətutmalar, israrlı tələblər, şantajlar işə yaramadı. Azərbaycan dövlətini idarə edənlər bu təhlükəli avantüraya qol qoymadılar. Zaman-zaman ABŞ ilə Azərbaycanın arasında yaranan gərginliklərin, soyuqluqların əsas səbəbi məhz bu idi.

Əslində Azərbaycanın ABŞ və İsrailə İrana qarşı müharibədə hər hansı bir yardım göstərməsi ilk növbədə Arazın o tayında yaşayan və İranı öz dövlətləri sayan milyonlarla soydaşımıza xəyanət demək olardı. Təəssüf ki, İranı idarə edənlər zaman-zaman bu önəmli məqamı gözardı edir, Azərbaycanla qonşuluqda yerləşən başqa dövlətlərin arasında bərabərlik işarəsi qoyur, bəzilərinin ayağına verirdilər.

Son müharibə bir çox daşları yerinə oturtdu və oturtmaqda davam edir.

Избранный
108
50
musavat.com

10Источники