RU

“O sazda bir cızıq olsaydı, mən gərək, özümü öldürərdim” - Afaq Bəşirqızı ilə MÜSAHİBƏ

Azərbaycan kinematoqrafiyasının ən sevilən əsərlərindən biri olan “Bəxt üzüyü” filmi bu il 35 yaşını qeyd edir. Film, xalq şairi Vaqif Səmədoğlunun eyni adlı pyesi əsasında çəkilib və 1991-ci ildə komediya janrda tamaşaçılara təqdim olunub. Filmin süjeti əsas qəhrəmanlardan biri olan Saranın bəxt üzüyünün itməsi ətrafında cərəyan edir. Tammetrajlı bədii filmi Ramiz Əzizbəyli rejissorluğu ilə ekranlaşdırılıb və “Qara Qayafilm” studiyasında istehsal olunub. 1993-cü ildə isə Bakıda keçirilən Azərbaycan filmlərinin II festival müsabiqəsində rejissora tamaşaçı rəğbətinə görə xüsusi mükafat təqdim edilib.


Musavat.com baş rollardan birini oynayan və “Söylü” obrazını yaradan Afaq Bəşirqızı ilə söhbətəşib:

- Afaq xanım, “Bəxt üzüyü” filmi həyatınızda hansı rolu oynadı?

- Mən ilk olaraq "Qaraqaya" assosiasiyasının prezidenti Sədrəddin Daşdəmirova təşəkkür edirəm. O, çox gözəl insan idi. Mən ona pyes əsasında film çəkilməsini deyəndə çox böyük məmnuniyyətlə razılıq verdi və filmə çox böyük pul ayırdı. Mən həmişə müsahibə verəndə demişəm ki, filmə çəkilməyi çox sevmirəm. Kino çəkilişində bir az məhdudiyyət var, mən isə səhnədə sərbəstliyə öyrəşmişəm. Amma “Bəxt üzüyü” mənə filmi də sevdirdi və ondan sonra iki filmə çəkildim.

“Bəxt üzüyü” mənə ona görə doğmadır ki, pyesi Vaqif Səmədoğlu yazıb. Bu film mənim tanınmağımda və sevilməyimdə çox böyük rol oynadı. Çox sevinirəm ki, “Bəxt üzüyü” mədəniyyət tariximizə düşdü.

yol.jpg


- Vaqif Səmədoğlu sağlığında müsahibələrindən birində deyirdi ki, filmdən sonra Qazax qadınları “Söylü” obrazına görə ondan inciyiblər. Sizin improvizələriniz buna səbəb olub.

- Bəli, mən filmdə özümdən “heç bir ay deyil başımı yuduğum, amma elə geyişir ki, elə bil bit düşüb” ifadəsini işlətdim. Əsərdə bu yox idi. Ümumiyyətlə, “Söylü” obrazı tamami ilə mənim improvizəm idi. Vaqif Səmədoğlu da mənimlə razılaşıb bu improvizələri qəbul edirdi. Amma “Söylü”nün pintiliyi ilə bağlı məqamda mən hansısa rayonun arvadlarına ilişmirdim. Söylü saf və səmimi qadın idi. O, istedadsız ərini dahilər sırasında görürdü.

- Filmdə təhlükəli məqamlar da olub deyəsən. Onlar hansı hissədə idi?

-Bəli, təhlükəli məqamlar olub. Bu, qonşuların polis şöbəsinə aparılması səhnəsinin çəkilişi zamanı yolda baş verdi. Əsgərlərlə dolu hərbi maşın o qədər yaxınlığımızdan keçdi ki, düşündük ki, ayaqlarımızı itirəcəyik. Bəlkə də maşınla aramızda 10 sm məsafə olardı. Bütün aktyorlar eyni tərəfə yıxıldılar.

- Həyat yoldaşınız da “Bəxt üzüyü”də epizodik bir rola çəkilib. Nə əcəb razılaşdı?

- Həyat yoldaşım və oğlum da çəkiliblər. Bütün nəsil həmin filmdə varıq(gülür). Mənim həyat yoldaşım 24 saatda 24 söz deməz. Ancaq Ramiz Əzizbəyli onu necə qılıqladısa, o, filmə çəkilməyə razı oldu.

-Bəs çətin səhnələr hansı oldu?

- Mən həmişə öz üzərində işləyən adamam. Filmdə kaskadyor, məni əvəz edən adam olmadı. Bütün tryukları- yataqdan atlanmağı, 5 pilləkəni birdən hoppanmağı- hamısını özüm etdim. Bilgəhdə qaçış səhnəsini 39 dubla çəkdik. İndi bunların altını çəkirəm.

söylü.jpg


- “Söylü” bir az pinti qadın idi. Obrazın bu baxımdan yəqin ki, həyatda prototipi var idi...

- Bəli, “Söylü”nün pintilik baxımından prototipi alim bir qadın idi. Mən onda gödüklərimi cəmləşdirib, "Söylü"nü oynayırdım. Onunla çox yaxın olmasam da, o mənim sənətimə hörmət edirdi. Filmdən sonra o mənə zəng edib dedi: ”Afaq xanım, mən bilirəm, belə pinti qadınlar var”.  Ondan sonra çox şükür etdim ki, o qadın öz obrazını tanımamışdı. (gülür)

Qadının pintiliyi onun Bakılı və ya Qazaxlı olmasına baxmır. Qadının ən böyük bədbəxtliyi onun pinti olmasıdır. Mən “Söylü”nü oynayarkən özümdən irgənirdim. Çünki mən çox kaprizliyəm.

“Söyülü”nü pintiliyinə, köntöylüyünə baxmayaraq, onu təmiz, olduğu kimi təqdir etmişəm, heç nədən qorxmamışam. Görün, necə saf qadındır ki, deyir, “Moşu”nun onu sevdiyini biləndə özünü yandırmaq istəyib. Onun təsəvvüründə hansısa oğlanın bir qızı istəməsi mümkün deyil. O, fərqli bir dünyagörüşü ilə böyüyüb. Onun aləmində bu, ayıbdır.

- Filmdə yerə yıxılandan sonra əlinizdəki sazın simlərin tərpədirsiniz. Deyəsən, bu səhnəni də özünüz uydurmuşdunuz...

- O saz rəhmətlik Zəlimxan Yaqubun idi. Onu mənə elə vermişdi ki, o sazda bir cızıq olsaydı, mən gərək özümü öldürərdim. Zəlimxan müəllim demişdi ki, Afaq bu sazı sənə görə verirəm, ehtiyatlı ol. Mən də çəkiliş zamanı Valehə dedim ki, elə et ki, yıxılım. Mən özüm də ayağımı stolun altındakı taxtaya qoymuşdum, yıxılanda o taxta ilə təkan verdim. Yıxılanda yarı yolda yadıma düşdü ki, saz əlimdədir. Yıxılandan sonra başımı qaldırıb, saza heç nə olmadığı üçün ”Allah sənə şükür” dedim. Həmin ifadə elə filmdə də getdi. Amma tamaşaçı onu niyə dediyimi bilmirdi.(gülür)

Şahanə Rəhimli,
Musavat.com

Избранный
90
50
musavat.com

10Источники