RU

Türkiyəni sınağa çəkmək cəhdləri



Üç həftədədən artıqdır davam edən ABŞ - İsrail - İran qarşıdurmasının hansı tərzdə və nə vaxt yekunlaşacağı qeyri - müəyyən olaraq qalmaqdadır. Hərbi əməliyyatlar davam etdikcə arialının genişlənmə potensialı özünün aktuallığını qoruyub saxlayır.

Bunun üçün müəyyən addımlar da atılır. Təbii ki, mövcud dinamika fonunda əsas diqqətlər məhz regionun əsas hərbi-siyasi gücü hesab edilən Türkiyəyə fokuslanıb.

Qardaş ölkənin ərazisinə artıq üç dəfə raket zərbəsi endirilib və müharibənin gedişatını nəzərə alarsaq yenidən təkrarlanma ehtimalı olduqca yüksəkdir. Türkiyənin mövcud proseslərə qoşulmasını ən çox istəyən dövlət heç şübhəsiz ki, İsraildir. Təl-Əviv bölgənin potensial olaraq ən güclü iki ölkəsini qarşı-qarşıya gətirməklə hər ikisini eyni zamanda zəiflətmək istəyir. Çünki israillilər özləri üçün İran qədər, hətta İrandan daha təhlükəli ölkə kimi Türkiyəni görürlər və İsrailin genişlənmə politkası bu gün olmasa da, sabah mütləq Ankara ilə qarşıdurmaya səbəb olacaq. Bu səbəbdən güclü Türkiyə həmin ambisiyaların qarşısında ən böyük əngəldir.

Paralel olaraq, İsraildən başqa hesab edirəm ki, Çin və Rusiya da müəyyən mənada Türkiyənin reaksiyasını ölçmək istəyir. Çünki məsələ təkcə Ankara ilə yekunlaşmır. Burada NATO üzvü bir ölkənin reaksiya vermək imkanları, geniş spektrdə Alyansın da yanaşması ölçülə bilər.

Bu kontekstdə Türkiyənin minilliklərə dayanan dövlətçilik ənənələri bir daha özünü sübüt edir. Qardaş ölkə proseslərə olduqca soyuqqanlı şəkildə yanaşır. Lakin digər tərəfdən müşahidə edildiyi üzrə intensiv şəkildə yeni silah sistemlərini sınaqdan keçirir və nümayiş etdirir. İstər pilotsuz uçuş sistemləri olsun, istərsə də, müxtəlif konfiqurasiyada olan raket sistemləri müasir müharibə doktrinalarını əsasında istehsal edilmiş oyun dəyişdirən silahlardır. Türkiyə bununla hər kəsə bir növ xəbərdarlıq edir.

Türkiyə gələcəyin müharibə konseptini yaradır. İnsan faktoru minimuma endirilmiş süni intellekt əsaslı silah sistemləri. Xüsusilə, hava müharibələri üçün dizayn olunmuş "Kızılelma" insansız döyüş təyyarəsi mütəşəkkil şəkildə istifadə olunacağı təqdirdə ənənəvi döyüş təyyarələri üçün baş ağrısı olacaq. Bütün bunlar İsrailin və ümumiyyətlə, Türkiyəni sınamaq istəyən güclərin diqqət yetirməli olduğu istiqamətlərdir.

Pərviz Mirizadə, siyasi şərhçi
Избранный
86
1
newscenter.az

2Источники