RU

Estoniyada Novruz bayramı qeyd olunub

Stokholm, 22 mart, AZƏRTAC

Estoniyanın paytaxtı Tallin şəhərində Estoniya–Azərbaycan “Birlik” icmasının təşkilatçılığı ilə Novruz bayramı qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan və Estoniyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Gecədə “Birlik” icmasının rəhbərləri Zakir Miriyev və Sənam Əli Novruz bayramının milli və mənəvi dəyərləri haqqında çıxış ediblər.

Daha sonra musiqili proqram təqdim olunub. Azərbaycan Respublikasının Əməkdar artisti Şölə Səfərəliyeva, pianoçu Vasif Hüseynov, qarmon ustası Elnur İmanov və aparıcı müğənni İlqar Şahməmmədov öz çıxışları ilə tədbirə xüsusi rəng qatıblar.

Gecədə Azərbaycanın Əməkdar artisti Rauf Afşarov tərəfindən uşaqlar üçün xüsusi hazırlanmış proqram və hədiyyələr təqdim olunub.

Bayram çərçivəsində milli adət və ənənələrimiz, dəyərlərimiz, Novruzun birlik rəmzi olduğu həm gənc nəslə, həm də eston xalqına nümayiş etdirilib.

Tədbirdə Estoniyada yaşayan 300-ə yaxın həmvətən və qonaqlar iştirak edib. Qonaqlar arasında Azərbaycanın, Qazaxıstanın Estoniyadakı səfirliklərinin nümayəndələri, Latviyadan gələn deputatlar və Estoniyada fəaliyyət göstərən türk xalqlarının icmalarının təmsilçiləri də olub.

Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Избранный
41
azertag.az

1Источники