RU

Şəffaflıq və dövlət vəsaitinin daha düzgün istifadə edilməsinə yönəlmiş addım




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həftə ərzində əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında imzalamış olduğu müvafiq fərman və sərəncamlara yanaşmalar, bu mühüm sənədlərin qiymətləndirilməsi və onların analizi müxtəlif olsa da, dəyişməyən bir reallıq ondan ibarətdir ki, atılan addımlar və qəbul edilən qərarlar ilk növbədə şəffaflığa, dövlət vəsaitlərinin düzgün istiqamətə sərf edilməsinə xidmət edir.

Təsadüfi deyil ki, əksəriyyətin mövqeyi də ondan ibarətdir ki, əməkhaqqı sistemində edilən dəyişikliklər şəffaflığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyətlidir. Heç kimə sirr deyil ki, bəzi hallarda dövlət qulluqçularının maddi təminatının, əməkhaqqının az olması istər-istəməz onlarda qeyri-rəsmi yollarla gəlir əldə etməyə maraq formalaşdırırdı. Bu da öz növbəsində ölkədə korrupsiya və rüşvətxorluq hallarına imkan yaradırdı. Eyni zamanda, dövlət qulluğunda çalışanların hansı formada gəlir əldə etdikləri barədə cəmiyyətdə şəffaf bilgi yox idi. Yeni tətbiq edilən qaydalar və yanaşmalar əsasında artıq bu məlumatsızlıq aradan qalxacaq, şəffaflıq təmin olunacaq.

Ən əsası, yüksək səviyyədə maddi təminatla əhatə olunan dövlət qulluqçusu qeyri-rəsmi gəlir mənbələrinin axtarışına maraq göstərməyəcək ki, bu da nəticə etibarilə korrupsiya və rüşvətxorluq risklərinin minimuma enməsinə gətirib çıxaracaq. Digər tərəfdən, bu həm də dövlət strukturlarında dürüstlük mühitinin formalaşmasına şərait yaradacaq. Məhz bu amil də öz növbəsində vətəndaşların dövlətə olan etimadının artırılması və ictimai münasibətlərdə sağlam mühitin formalaşmasını şərtləndirən başlıca amillərdəndir.

İkinci mühüm məqam ondan ibarətdir ki, əməkhaqqı sisteminin təkmilləşdirilməsi ölkədə kadr bazasının formalaşdırılması və onların ölkədən axınının qarşısının alınmasına xidmət edəcək. Heç kimə sirr deyil ki, yeni tətbiq edilən qaydalar peşəkar kadrların dövlət qulluğuna cəlb olunmasına imkan yaradacaq. Artıq bilikli və bacarıqlı kadrlar maddi təminat üçün özəl sektor deyil, dövlət orqanlarında çalışmağa üstünlük verəcəklər. Çünki əməkhaqqı sistemində tətbiq edilən yeni qaydalar dövlət sektorunu özəl sektorla müqayisədə daha cəlbedici edəcək. Nəticədə, yüksək ixtisaslı mütəxəssislər dövlət qulluğuna maraq göstərəcək ki, bu da daha savadlı kadrlar arasında sağlam rəqabətin yaranmasına yol açacaq. Eyni zamanda, qeyd etdiyimiz kimi, bu, ölkədən kadr axınının qarşısını alacaq. Artıq bacarıqlı və savadlı kadrlar yüksək əməkhaqqı və xoş gələcək üçün Avropaya üz tutmayacaq. Həmin yüksək maddi təminatı dövlət qurumunda çalışmaqla da əldə edə biləcəklər.

Nəhayət, yeni qaydalar həm də dövlət qurumlarında optimallaşma prosesləri ilə sıx bağlıdır. Bir-birini təkrarlayan vəzifələrin ixtisarı dövlət aparatının yükünü azaldacaq. Beləliklə, daha az sayda, lakin daha peşəkar və maddi cəhətdən yaxşı təmin olunmuş kadrlarla daha yüksək nəticələr əldə etmək mümkün olacaq.

Nəsib Məhəməliyev,

Milli Məclisin deputatı
Избранный
92
1
newscenter.az

2Источники