RU

Qonaq gedib gəlmək ənənəsi niyə unudulur?

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Bayramlar hər zaman insanların bir araya gəldiyi, münasibətlərin möhkəmləndiyi xüsusi günlər kimi yadda qalıb.

Bu günlərin ən dəyərli ənənələrindən biri isə qonaq getmək, yaxınları ziyarət edib bayramlaşmaq olub.

Lakin zaman keçdikcə bu ənənə zəifləməyə başlayıb. Keçmişdə insanlar bayram günlərində bir-birinin evinə üz tutar, süfrə arxasında toplaşar, səmimi söhbətlərlə münasibətləri daha da gücləndirərdilər.

Müasir dövrdə həyat tərzinin dəyişməsi və texnologiyanın inkişafı bayram ənənələrinə də təsir edib. Artıq çox vaxt insanlar bir-birini ziyarət etmək əvəzinə telefonla zəng edir və ya sosial şəbəkələrdə təbrik mesajı göndərməklə kifayətlənir.

Niyə insanlar zamanla bayramlarda qonaq gedib-gəlmək ənənəsindən uzaqlaşır?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında psixoloq Gülnar Ağayeva bildirib ki, insanların bayramlarda qonaq gedib-gəlmək ənənəsindən uzaqlaşmasının əsas səbəblərindən biri həyat tərzinin dəyişməsidir:

"İnsanların bayramlarda qonaq gedib-gəlmək ənənəsindən uzaqlaşması təkcə vaxt azlığı ilə izah olunmur, bu, həm də dəyərlərin və prioritetlərin dəyişməsi ilə bağlıdır. Müasir dövrdə insanlar daha çox fərdi rahatlığı, şəxsi məkanı və öz planlarını ön plana çıxarır. Bu isə bəzən sosial münasibətlərin arxa plana keçməsinə səbəb olur. 

Texnologiya isə bu prosesi sürətləndirir, insanlar canlı ünsiyyət qurmaq əvəzinə daha asan və az enerji tələb edən virtual əlaqəni seçirlər. Buna görə də münasibətlər formal xarakter almağa başlayır".

Onun sözlərinə görə, qonaq gedib-gəlmək ənənəsinin azalması cəmiyyətin emosional strukturuna da təsir edir:

"İnsanlar arasında səmimiyyətin azalması, ünsiyyətin səthiləşməsi və sosial bağların zəifləməsi müşahidə oluna bilər. 

Bu isə uzunmüddətli perspektivdə tənhalıq hissinin artmasına və insanlar arasında məsafənin böyüməsinə gətirib çıxara bilər. Əslində isə bayramların əsas mahiyyəti məhz bir araya gəlmək, paylaşmaq və əlaqələri gücləndirməkdir".

Psixoloq qeyd edib ki, qonaq gedib-gəlmək ənənəsinin unudulması yalnız texnologiya və ya vaxt problemi deyil, eyni zamanda insanın öz seçimləri ilə bağlıdır:

"Müasir həyat tərzi ilə ənənələri qorumaq mümkündür, amma bu, şüurlu yanaşma tələb edir. İnsanlar şüurlu şəkildə qərar verməlidirlər ki, münasibətləri qorumaq üçün vaxt ayırmaq lazımdır. 

Çünki heç bir texnoloji vasitə canlı ünsiyyətin verdiyi emosional dərinliyi tam şəkildə əvəz edə bilmir".

Gülər Həsənli 

"Cebheinfo.az"

Açar sözlər:

qonaq getmək Gülnar Ağayeva

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
75
1
cebheinfo.az

2Источники