RU

Partiya sədri: “Dövlət qulluqçularına bu münasibət normal sayılmalıdır”

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğləri müəyyən edilib. 

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla Azərbaycanın dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 1170 manat, yardımçı vəzifələr üçün 760 manat müəyyən edilib. 

Həmçinin dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələri, dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə artım faizləri, eyni zamanda dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə aylıq vəzifə maaşlarının məbləği təsdiq edilib. 

Qeyd edək ki, hazırda ölkədə dövlət qulluqçularının ümumi sayı 27 min 360 nəfərdir. Onlardan 8283 nəfəri qadınlardır. Ümumilikdə isə dövlət sektorunda çalışan vətəndaşların sayı 861,4 min nəfər təşkil edir.

Dövlət Statistika Komitəsinin son məlumatlarına əsasən, dövlət qulluqçularının orta aylıq əməkhaqqı 1971 manat səviyyəsindədir. Aparılan son islahatların bu göstəricilərə əlavə təsir göstərəcəyi, nəticədə əməkhaqqında müəyyən artımların baş verəcəyi proqnozlaşdırılır.

Mütəxəssislərin fikrincə, Prezident tərəfindən imzalanan son fərman ümumi sosial rifahın yaxşılaşmasına, vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə və əmək məhsuldarlığının artmasına müsbət təsir göstərə bilər.

Mövzu ilə bağlı Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, yeni yanaşma maaşların daha şəffaf və sistemli müəyyənləşdirilməsinə imkan verir və bu da dövlət qulluqçularının işinə müsbət təsir göstərə bilər:

"Bu məsələyə bütövlükdə müsbət yanaşılmalıdır. Çünki söhbət çoxşaxəli və ciddi bir prosesdən gedir. Burada həm dövlət qulluqçularına münasibət, həm əməkhaqqının nizama salınması, həm də qanunvericilik bazasının möhkəmləndirilməsi kimi vacib məqamlar yer alır.

Məhz buna görə məsələni bütöv şəkildə dəyərləndirmək daha doğru yanaşmadır. Bu məsələni bir neçə aspektdə dəyərləndirmək olar. Birincisi, dövlət qulluqçularının vəzifə maaşlarının bu şəkildə formalaşdırılmasıdır. Burada artım da var, eyni zamanda sistemləşdirmə də mövcuddur.

Hesab edirəm ki, bu düzgün formadır və aydınlıq gətirilir. Dövlət vəzifəli şəxslər öz vəzifə maaşlarını bilməlidir. Əvvəllər müəyyən baza hissəsi və əlavələr olurdu, indi isə aydın şəkildə “pəncərə prinsipi” tətbiq edilir – maaş açıq şəkildə göstərilir və həmin maaşa uyğun olaraq dərəcələr müəyyənləşdirilir".

Onun sözlərinə görə, bu yanaşma dövlət qulluqçularının işinin daha səmərəli olmasına xidmət edəcək:

"Dövlət qulluqçularına bu münasibət normal sayılmalıdır. Bildiyimə görə, bu dəyişiklik təxminən 30 mindən artıq şəxsi əhatə edəcək və bu, dövlət qulluqçularına münasibətin göstəricisidir. Ona uyğun olaraq dövlət qulluqçuları da öz vəzifələrini layiqincə yerinə yetirməlidir.

Dövlətin siyasəti vəzifəli şəxslərdən, məmurlardan asılıdır. Onlara bu cür diqqətin göstərilməsi vacibdir. Çünki onlar dövlətin həyata keçirdiyi siyasəti və funksiyaları icra edirlər.

Buna görə də daim diqqət mərkəzində olmalıdırlar. Ümumiyyətlə, insanların bütün kateqoriyaları diqqət mərkəzində olmalıdır, o cümlədən dövlət qulluqçuları da. Bu fərman vəzifə maaşlarının strukturunun müəyyənləşdirilməsi baxımından vacibdir. Hər kəs bilməlidir ki, hansı dərəcəyə aid vəzifədə, hansı kateqoriyada nə qədər maaş alacaq. 

Hər kəs öz perspektivini, sabahını bilməlidir. Bu baxımdan texniki məsələlərin nizama salınması olduqca əhəmiyyətlidir".

O vurğulayıb ki, əməkhaqqı ilə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi də çox vacibdir:

"Bu məsələ daim diqqətdə saxlanılmalıdır. Artıq hər şey nizama salınır və qanun əsasında həyata keçirilir. Qanundan kənar heç kim əlavə addım ata bilməz.

Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, buna ümumi prosesin tərkib hissəsi kimi baxılmalıdır. Maaş və əməkhaqqı sistemində dəyişikliklər digər sahələrə də şamil olunmalıdır. Dövlət qulluğunda olmayan şəxslərin maaşları ilə bağlı da uyğun addımlar atılmalıdır. Bu, bütövlükdə dövlət siyasətinə çevrilməlidir.

Həm dövlət sektorunda, həm də qeyri-dövlət sektorunda, eləcə də təhsil və tibb müəssisələrində bu istiqamətdə yanaşmalar tətbiq olunmalı, hətta pilot layihə kimi nəzərdən keçirilməlidir. Digər sahələrə də aid edilməlidir.

Eyni zamanda, sosial təminat istiqamətində də addımlar atılmalıdır. Məsələn, veteran pulu, “uşaq pulu” kimi məsələlər də bu yeni yanaşmaya uyğun şəkildə nəzərdən keçirilməlidir.

Uzun zamandır müzakirə olunan məsələlərdən biri də maaşların hansı formada verilməsidir – aylıq, ayda iki dəfə və ya həftəlik. Dünyada tətbiq olunan sistemlər nəzərə alınmalı və Azərbaycan da əməkhaqqı sistemini bu təcrübələrə uyğunlaşdırmalıdır.

Əgər biz dünyanın bir hissəsi kimi inkişaf ediriksə, beynəlxalq normalar və prinsiplər bizdə də tətbiq olunmalıdır".

A. Nağı qeyd edib ki, bu məsələ ətrafında kimlərinsə spekulyasiya etməsi doğru deyil:

"Dövlətin müəyyən siyasəti var və bu siyasət məntiqli şəkildə həyata keçirilir. Bütün təbəqələr dövlətin diqqət mərkəzində olmalıdır və qəbul edilən qərarların müsbət tərəflərinə diqqət yetirilməlidir. Orada hər hansı neqativ məqam axtarmağın mənası yoxdur.

Dövlətin maraqlarına uyğun olaraq qəbul edilən qərarlara hörmət və diqqətlə yanaşmaq lazımdır".

Gülər Həsənli 

"Cebheinfo.az"

Açar sözlər:

maaş Akif Nağı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
45
1
cebheinfo.az

2Источники