ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
London, 20 mart, AZƏRTAC
Şotlandiyada bir iranlı Böyük Britaniyanın nüvə silahı daşıyan sualtı qayıqlarının yerləşdiyi Fasleyn hərbi bazasına daxil olmağa cəhd edərkən saxlanılıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Şotlandiya polisi 34 yaşlı kişi və 31 yaşlı qadının martın 19-da 17:00 radələrində saxlanıldığını bildirib. Qadının vətəndaşlığı barədə məlumat verilməyib.
Böyük Britaniya Kral Donanmasının nümayəndəsi bildirib ki, şübhəlilər hərbi bazaya uğursuz şəkildə daxil olmağa cəhd ediblər. Qurumun sözçüsü bildirib ki, məsələ ilə bağlı araşdırma davam etdiyinə görə əlavə şərh verə bilmir. Şotlandiya polisi hadisə ilə bağlı araşdırmaların davam etdiyini açıqlayıb.
Qeyd edək ki, Fasleyn bazası Kral Donanmasının bütün nüvə sualtı qayıqlarının, o cümlədən “Trident” nüvə raketləri ilə təchiz olunmuş “Vanguard” sinifli ballistik raket daşıyıcılarının əsas yerləşdiyi məkandır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.