RU

Azərbaycanda etibarlı banklar hansılardır?

Xəbər verdiyimiz kimi, "Bank BTB" ASC fəaliyyətini dayandıraraq bank olmayan kredit təşkilatına (BOKT) çevrilir. Bankın aktivləri alınacaq, öhdəlikləri isə ABB-yə ötürüləcək.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib ki, bu qərar bankın strateji inkişaf hədəflərinə, böyümə planlarına, eləcə də müştəri bazası və kredit portfelinin genişləndirilməsi məqsədlərinə tam uyğundur. Onun sözlərinə görə, "Bank BTB" ASC-nin aktivləri ABB-nin balansına keçəcək, öhdəlikləri isə bank tərəfindən tam qarşılanacaq.

Qeyd olunub ki, bu proses zamanı "Bank BTB" müştərilərinin, o cümlədən əmanətçilərin maraqları tam qorunacaq. Bankda depozitləri və cari hesabları olan fiziki və hüquqi şəxslər mövcud müqavilə şərtlərinə uyğun olaraq ABB ilə əməkdaşlığı davam etdirə biləcəklər. Eyni zamanda "Bank BTB"yə kredit borcu olan müştərilər də öhdəliklərini əvvəlki şərtlərlə artıq ABB vasitəsilə yerinə yetirəcəklər. Proseslə bağlı müştərilərə əlavə məlumatların veriləcəyi də bildirilib. Beləliklə, bu dəyişiklikdən sonra ölkədə fəaliyyət göstərən bankların sayı 21-ə enəcək.

Bəs Azərbaycanda bankların bağlanmasına əsas səbəblər nədir? Qarşıdakı dövrdə daha hansı bankların bazardan çıxması mümkündür?

oder2.jpg


Bankçılıq üzrə ekspert Odər Qəniyev Musavat.com-a açıqlamasında bildirib ki, bəzi bankların illərlə yığılan böyük həcmdə zərərləri olur, lakin buna baxmayaraq, onların fəaliyyəti dərhal dayandırılmır:

"Praktikada görürük ki, bəzi banklar uzun illər ərzində yüz milyonlarla manat zərər yığır. Vaxtilə bank rəhbərləri dövlət başçısına müraciət edərək qısa müddətdə böyük məbləğdə vəsait cəlb etmək üçün dəstək istəyiblər. Buna baxmayaraq, illər keçsə də, həmin bankların maliyyə vəziyyəti stabilləşmir və zərər artmaqda davam edir. Banklar prudensial (risk və dayanıqlılıq göstəricilərinə əsaslanan - red.) hesabatları tam şəkildə açıqlamırlar. Bu isə real vəziyyəti qiymətləndirməyi çətinləşdirir. Məsələn, bəzi banklarda kredit portfeli formal olaraq böyük görünür. Amma bu kreditlərin bir hissəsi real iqtisadi fəaliyyətə deyil, əlaqəli şəxslərə verilmiş "kağız üzərində" kreditlər olur. Belə kreditlər çox zaman təminatsız olur və geri qaytarılması real görünmür. Sxem sadədir: bank sahibi və ya ona yaxın şəxslər öz adlarına böyük məbləğdə kredit götürür, lakin bu kreditlər real təminata söykənmir. Daha sonra həmin vəsait bankın kapitalı kimi göstərilir. Kağız üzərində bankın aktivləri və maliyyə göstəriciləri yaxşı görünür, amma əslində bu vəsaitlər risk altındadır. Bu cür kreditlər illərlə uzadılır, restrukturizasiya olunur və faktiki olaraq geri qaytarılmır.

Bu şəraitdə vətəndaş üçün əsas sual yaranır: vəsaitini hansı banka etibar etsin? Əmanətlərin sığortalanması müəyyən həddə qədər vətəndaşları qorusa da, bu limitdən yuxarı məbləğlər risk altında qalır. Bu isə bank sektoruna olan etimadı zəiflədir. Azərbaycanda hansı bankın bağlanacağını əvvəlcədən dəqiq proqnozlaşdırmaq çətindir. Bu, təkcə iqtisadi göstəricilərdən deyil, həm də institusional amillərdən asılıdır. Bu səbəbdən bank sektorunda şəffaflığın artırılması, real maliyyə göstəricilərinin açıqlanması və ciddi nəzarət mexanizmlərinin tətbiqi vacib hesab olunur. Yalnız bu halda vətəndaşların banklara olan etimadı bərpa oluna bilər".

Şahanə Rəhimli
Musavat.com

Избранный
120
musavat.com

1Источники