RU

Novruzəli Aslanov: “Novruz bayramı həyatın və yeniliyin ən mükəmməl rəmzidir”



“Yurdumuza bahar gəlir. Öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan xalqı 30 ildən artıq müddət ərzində ən sevimli bayramı olan Novruzu bir nisgillə, natamam bayram əhval-ruhiyyəsi ilə qarşılayıb. Çünki Novruz da xalqımız kimi ölkəmizin 20% torpaqlarına həsrət idi. Lakin 2023-cü ildən bu məsələ öz həllini tapdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə torpaqlarımızı erməni işğalından azad edən Şanlı Ordumuz 2023-cü ilin sentyabrında artıq ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bununla da Ümummilli Lider Heydər Əliyevin hələ 1998-ci ildə etdiyi tarixi çıxışlarından birində dediyi bu kəlamlar da həqiqətə çevrildi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Ulu Öndər torpaqlarımızın işğaldan azad ediləcəyinə və xalqımızın bütün bayramlarını, o cümlədən Novruz bayramını həmin torpaqlarda da qeyd edəcəyinə hər zaman bütün qəlbi ilə, bütün varlığı ilə inanırdı. Artıq üçüncü ildir Azərbaycan xalqı sülhü tərənnüm edən Novruz bayramını ölkənin istisnasız bütün ərazisində, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində böyük coşqu ilə qarşılayır.”

Bu sözləri Novruz bayramı münasibətilə aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili Sovetlər dönəmində qeyd olunmasına ciddi qadağalar qoyulmuş Novruzun yalnız 1969-cu ildən sonra respublikamızda yenidən təntənə ilə qeyd olunmasına başlandığını xatırladaraq bildirib ki, bu, həmin il ilk dəfə respublikanın rəhbərliyinə gəlmiş Ümummilli Lider Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət və ənənələrinə tükənməz sevgisinin daha bir əyani nümayişi idi: “Ulu Öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövrünün ilk ilinin ən möhtəşəm nailiyyətlərindən biri də Novruz bayramının qeyd olunmasına uzun illər mövcud olmuş ciddi qadağaların aradan qaldırılması oldu. Bu addım milli Azərbaycançılıq məfkurəsinin formalaşdırılması istiqamətində atılmış çox mühüm addımlardan biri idi. Əlbəttə ki, artıq müstəqilliyimizin bərpasından sonra Novruz bayramı ölkəmizdə daha geniş miqyasda, daha böyük təntənə ilə qeyd olunmağa başlandı. Novruz bayramı həyatın və yeniliyin ən mükəmməl rəmzidir. Novruz sözünün mənası yeni gün deməkdir. Həqiqətən də Novruz öz gəlişi ilə həyatımıza hər dəfə bir yenilik gətirir. Ölkə Prezidenti cənab İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbriklərdən birində demişdir: “Azərbaycan torpağında çox qədim kökləri olan, uzaq keçmişlərdən xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz edən və zamanın sınaqlarından günümüzədək uğurla çıxan Novruz bayramı ənənəvi dəyərlər sistemimizin təşəkkülündə müstəsna əhəmiyyətə malikdir. Əcdadlarımızın müqəddəs yadigarı kimi bu bayram təbiətin ilahi nizamına ehtiramın aydın ifadəsidir.” Bu gün Novruz artıq siyasətdə də bayramlaşma təcrübəsinə səbəb olmuşdur. Novruz bayramı münasibətilə Prezident İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkül tapdığını nümayiş etdirir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Избранный
28
aia.az

1Источники