RU

Novruzun nəfəsi!

Baharın, bərəkətin və yeni başlanğıcların bayramı...

Bu gün minilliklərin yaddaşından süzülüb gələn, milli kimliyimizin canlı ifadələrindən biri olan Novruz axşamıdır. Təbiətin oyanışı, torpağın canlanması və həyatın yenidən başlanğıcı məhz bu bayramda öz əksini tapır. Novruzun ən gözəl cəhətlərindən biri onun insanları bir araya gətirməsidir. Hər evdə qurulan bayram süfrəsi, səməni, müxtəlif şirniyyatlar və ailəvi birlik - bunlar sadəcə adət deyil, xalqımızın ruhumuzun bir parçasıdır. Paxlava, şəkərbura, qoğal kimi təamlar təkcə dad yox, həm də tarix daşıyır. Hər biri özlüyündə bolluq, bərəkət və firavanlıq rəmzidir.

Bayram öncəsi qeyd olunan dörd çərşənbə - Su, Od, Yel və Torpaq çərşənbələri isə insanla təbiət arasında olan qədim bağın simvoludur. Xüsusilə, tonqal qalayıb üzərindən tullanmaq adəti insanların bütün ağırlıqlardan, pis enerjidən təmizlənmək istəyini ifadə edir. Bu ənənə əsrlər keçsə də, bu gün də sevə-sevə yaşadılır.

Vaxtilə milli-mənəvi dəyərlərimizin, dini, milli adət və ənənələrimizin öyrənilməsinə və təbliğinə müəyyən qədər qadağaların qoyulmasına rəğmən xalqımız öz tarixi-mədəni irsini qoruyub saxlaya bilib. Azərbaycan azad, müstəqil dövlətə çevrildikdən sonra xalqımızın bu və ya digər dəyərlərinə xüsusi olaraq diqqət yetirilməyə başlanıldı.

Qeyd edək ki, UNESCO tərəfindən Novruzun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun beynəlxalq miqyasda da tanındığını göstərir. Bu gün Novruz yalnız Azərbaycanda deyil, bir çox ölkələrdə qeyd olunur və xalqlar arasında mədəni körpü rolunu oynayır.

Azərbaycan xalqı Novruzu xüsusi qürur və sevinc hissi ilə qeyd edir. Ən önəmlisi isə odur ki, bu bayram artıq ərazi bütövlüyü təmin edilmiş, suveren Azərbaycanda - illərlə həsrətində olduğumuz azad torpaqlarımızda da geniş şəkildə qeyd olunur.

Uzun illər işğal altında qalan və bu gün azadlığına qovuşan Qarabağ və Şərqi Zəngəzur bölgələrində Novruz tonqalları alovlanır, bayram süfrələri açılır, milli adətlərimiz yenidən canlandırılır. Bu torpaqlarda yandırılan hər tonqal yalnız baharın gəlişini deyil, həm də qələbənin, qayıdışın və dirçəlişin rəmzinə çevrilib.

Artıq illər sonra doğma yurdlarına qayıdan insanlar Novruzu öz evlərində qarşılayır, ata-baba ocaqlarında səməni yetişdirir, uşaqlar bayramın sevincini yaşayır. Bu mənzərə təkcə bayram ab-havası deyil, həm də xalqımızın sarsılmaz iradəsinin və milli birliyinin bariz nümunəsidir.

Yeganə BAYRAMOVA

Избранный
93
yeniazerbaycan.com

1Источники