RU

Məktəblərdə “bloger müəllim”lər – Pozitivlik, yoxsa zərər?

Son zamanlar sosial mediada “bloger müəllim” obrazı yaratmaq uğrunda yarışa girən müəllimlərin şahidi oluruq. Bu barədə Sherg.az yazıb. Halbuki müəllim davranışı, mənəvi mövqeyi və verdiyi biliklə şagird üçün nümunə olmalıdır. Sosial mediada “özünü tanıtmaq” məqsədilə şagirdləri alət kimi istifadə etmək müəllimin peşə etikasına və pedaqoji nüfuzuna ziddir.

Dərs zamanı diqqəti telefona yönələn müəllimin, şagirddən eyni cihazdan uzaq durmağı tələb etməsi inandırıcı deyil. Müəllim özü ekran qarşısındadırsa, qoyulan qadağalar formal xarakter daşıyacaq. Çünki uşaqlar deyiləndən çox, müşahidə etdikləri davranış modellərini mənimsəyirlər.

Onsuz da, uşaqların böyük bir hissəsi telefondan asılı vəziyyətdədir. Belə bir şəraitdə müəllimin davranışı həlledici rol oynayır. Təhsil mühitinin fərdi tanıtım platformasına çevrilməsi, tədris prosesinin mahiyyət etibarilə ikinci plana keçməsinə yol açır.

Müəllimlərin bloger olmasında şagirdlər üçün zərərli nəsə varmı, yoxsa təhsil prosesində yeni baxış, pozitiv haldır?

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb.

Mütəxəssis qeyd edib ki, bu yaxınlarda Elm və Təhsil Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrinə müəllimlərin etik davranış qaydaları ilə bağlı xüsusi informasiya təlimatları göndərilib. Həmin təlimatlarda dərsin gedişatını pozan hallara yol verilməməsi xüsusi olaraq vurğulanır:

"Bu qaydalara əsasən müəllimlər dərs zamanı mobil telefonlardan şəxsi məqsədlərlə istifadə etməməlidirlər. Müəllim 45 dəqiqə ərzində auditoriyada yalnız tədris fəaliyyəti ilə məşğul olmalıdır. Bu müddət ərzində mobil telefon götürərək hansısa görüntü çəkmək, paylaşmaq və ya şəxsi sosial media fəaliyyəti ilə, xüsusilə bloqerliklə məşğul olmaq düzgün yanaşma hesab edilmir".

Mütəxəssis qeyd edib ki, müəllim dərsin gedişatını kənara qoyaraq özünü təqdim etməyə, əyləncəli kontent hazırlamağa və ya şagirdlərin görüntülərini çəkərək paylaşmağa yönəlirsə, bu, həm etik normalara, həm də tədrisin mahiyyətinə ziddir:

"Dərsdənkənar fəaliyyətlər isə fərqli qiymətləndirilə bilər. Məsələn, müəllimin şagirdlərlə ekskursiyaya getməsi, onları muzeyə, sərgiyə və ya əyləncə mərkəzinə aparması normal və hətta təşviq olunan fəaliyyətlər sırasındadır. Bu kimi hallarda şagirdlərlə birgə çəkilən görüntülər də müəyyən çərçivədə qəbul oluna bilər. Lakin sırf dərs prosesində şagirdlərin görüntülərinin çəkilməsi və yayılması doğru hesab edilmir. Çünki hər bir şagird üçün nəzərdə tutulan dərs vaxtı yalnız tədrisə həsr olunmalıdır.

Ümumiyyətlə, dərs prosesi zamanı müəllim bu kimi əlavə fəaliyyətlərdən yayınmalıdır. Əlbəttə, texnologiyadan tədris məqsədilə istifadə etmək mümkündür. Məsələn, müəllim mobil telefonu projektora qoşaraq interaktiv dərs keçirə bilər. Bu, müasir tədris metodlarının bir hissəsidir və müsbət qiymətləndirilir. Amma dərsi yarımçıq qoyaraq kənar fəaliyyətlərlə məşğul olmaq, şagirdləri əyləncə xarakterli məzmun üçün istifadə etmək və bunu sosial mediada paylaşmaq yolverilməzdir".

Elçin Əfəndi hesab edir ki, bu kimi halların qarşısını almaq üçün gələcəkdə nazirlik tərəfindən daha sərt qərarlar da qəbul oluna bilər:

"Çünki burada söhbət yalnız qayda pozuntusundan deyil, həm də müəllim nüfuzunun qorunmasından gedir.
Müəllimin bloqer fəaliyyəti məsələsinə gəldikdə isə, bu fəaliyyət şəxsi həyat çərçivəsində mümkündür. Lakin müəllim istənilən halda öz peşə etikasını qorumalıdır. Əgər müəllim təhsil müəssisəsində formalaşmış imici ilə ziddiyyət təşkil edən, cəmiyyət tərəfindən xoş qarşılanmayan videolar paylaşırsa, bu artıq qəbul edilə bilməz. Müəllim həm məktəbdə, həm də məktəbdən kənarda öz davranışları ilə nümunə olmalıdır.

Təhsil prosesinə yeni baxışın olması hər zaman vacibdir. Lakin “yeni yanaşma” anlayışı tədrisin arxa plana keçirilməsi demək deyil. Əksinə, müasir metodlar təhsilin keyfiyyətini artırmağa xidmət etməlidir. Müəllim dərs zamanı ilk növbədə bilik verən şəxsdir: mövzunu izah etməli, tapşırıqları yoxlamalı və şagirdlərin bilik səviyyəsini obyektiv şəkildə qiymətləndirməlidir. Tədris prosesinin əsas mahiyyəti də məhz bundan ibarətdir".

Xalidə Gəray,
Musavat.com

Избранный
60
44
musavat.com

10Источники