Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək.
Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitəsinin birgə iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək.
Bildirilib ki, həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov “Cebheinfo.az”-a bildirib ki, uşağa qarşı fiziki zorakılığın cərimələndirilməsi müasir hüquqi və psixoloji yanaşmalar baxımından müsbət addım kimi qiymətləndirilir:

“Bu qərar ilk növbədə cəmiyyətdə “zorakılıqla tərbiyə” stereotipinin zəifləməsinə xidmət edir.
Uzun illər bəzi ailələrdə “uşağı döymək tərbiyədir” kimi yanlış inam mövcud olub. Halbuki müasir psixologiya göstərir ki, qorxu üzərində qurulan tərbiyə davamlı davranış dəyişiklikləri yaratmır, yalnız qısamüddətli itaət formalaşdırır.
Müsbət tərəfi ondan ibarətdir ki, bu cür qərarlar valideynləri və müəllimləri alternativ, daha sağlam tərbiyə metodlarına yönəldir, uşaqların hüquqlarını qoruyur və təhlükəsiz mühitin formalaşmasına töhfə verir.
Uşaq özünü qorunan və dəyərli hiss etdikdə onun sosial və emosional inkişafı daha sağlam olur”. Eyni zamanda, müəyyən risklər də nəzərə alınmalıdır:
“Əgər bu qərar yalnız cərimə ilə məhdudlaşarsa və maarifləndirmə ilə müşayiət olunmazsa, valideynlərdə qorxu və çaşqınlıq yarada bilər. Yəni alternativ metodları bilməyən valideyn sadəcə fiziki cəzadan imtina edir, amma düzgün tərbiyə strategiyasını tətbiq edə bilmir.
Buna görə hüquqi tədbirlər paralel olaraq psixoloji maarifləndirmə ilə dəstəklənməlidir. Elmi yanaşmaya əsasən, uşağı döyməklə tərbiyələndirmək effektiv və davamlı nəticə vermir. Əksinə, bu yanaşma aqressiyanın modelləşdirilməsinə səbəb olur, yəni uşaq problemi güc tətbiqi ilə həll etməyi öyrənir”.
Psixoloq bildirir ki, uşaqların davranışını formalaşdırmaq üçün ən effektiv yanaşma pozitiv psixologiya və davranışçı modellərə əsaslanan metodlardır:
“Bu metodların əsasında nəzarət deyil, yönləndirmə dayanır. Ən təsirli üsullardan biri müsbət möhkəmləndirmədir. Uşaq düzgün davranış göstərdikdə onu tərifləmək, diqqət vermək və ya kiçik mükafatlarla dəstəkləmək həmin davranışın təkrarlanma ehtimalını artırır.
Bu, davranışın daxili motivasiya ilə formalaşmasına şərait yaradır. Digər mühüm yanaşma sərhədlərin aydın qoyulmasıdır. Uşaq nəyi etməli və nəyi etməməli olduğunu aydın şəkildə bilməlidir. Bu sərhədlər ardıcıl və sabit olmalıdır. Qarışıq və dəyişkən qaydalar uşaqlarda çaşqınlıq və müqavimət yaradır. Emosional tənzimləmə öyrədilməsi də çox vacibdir.
Uşaq aqressiya göstərirsə, bu, çox vaxt onun emosiyalarını idarə edə bilməməsindən qaynaqlanır. Bu halda cəza vermək yox, ona emosiyasını tanımaq və ifadə etmək bacarığı öyrədilməlidir.
Model olmaq prinsipi də xüsusi əhəmiyyət daşıyır. Valideyn və müəllim davranışı ilə uşağa nümunə olur. Əgər böyüklər sakit, hörmətli və konstruktiv davranırsa, uşaq da bu modeli mənimsəyir. Məntiqi nəticələr metodu da effektivdir. Məsələn, uşaq oyuncağını qırırsa, növbəti dəfə həmin oyuncağı əldə etməməsi kimi nəticə ilə qarşılaşır.
Bu, uşağa davranış və nəticə əlaqəsini öyrədir. Qısa müddətdə fiziki cəza uşağın davranışını tənzimləyə bilər. Lakin bu dəyişiklik əsasən qorxuya əsaslanır və nəzarət yox olan kimi davranış yenidən ortaya çıxır. Bu, davranışın mahiyyətini dəyişdirmir”.
Psixoloq deyir ki, uzunmüddətli təsirlər isə daha ciddi və narahatedicidir:
“Araşdırmalar göstərir ki, fiziki cəzaya məruz qalan uşaqlarda aşağı özünəqiymət, narahatlıq, aqressiv davranış və sosial münasibətlərdə çətinliklər daha çox müşahidə olunur. Uşaq valideyni ilə təhlükəsiz emosional bağ qurmaq əvəzinə qorxu və uzaqlaşma yaşayır. Bundan əlavə, fiziki cəza uşağın beyin inkişafına da təsir göstərə bilər.
Xroniki stress vəziyyəti uşağın emosional tənzimləmə və qərarvermə ilə bağlı beyin strukturlarına mənfi təsir edir. Bu da gələcəkdə impulsivlik, aqressiya və psixoloji problemlərin artmasına səbəb ola bilər. Ən kritik məqam isə odur ki, fiziki cəza zorakılığı normallaşdırır. Uşaq öyrənir ki, güclü olan zəifi cəzalandıra bilər.
Bu model sonradan həm sosial münasibətlərdə, həm də gələcək ailə münasibətlərində təkrarlanır. Ona görə də fiziki cəzanın hüquqi məhdudlaşdırılması doğru istiqamətdə atılmış addımdır, lakin onun real effektivliyi yalnız maarifləndirmə, psixoloji dəstək və valideynlik bacarıqlarının inkişafı ilə təmin oluna bilər”.
Psixoloq qeyd edir ki, cəmiyyətin məqsədi itaət edən yox, düşünən, emosiyalarını idarə edən və sağlam şəxsiyyət formalaşdırmaq olmalıdır. Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov isə “Cebheinfo.az”-a bildirib ki, ailədə cəza tərbiyə üsulu deyil:

“İnsanı cəzalandırmaqla əldə edilən nəticə yalnız qısamüddətli olur. Qorxu insanı idarə edəndə insan şəxsiyyət kimi formalaşa bilmir. İnsan insanı döyməməlidir. Şüurun əsası ünsiyyətdir və izah etməyin forması dəyişməlidir. Dövlətin tətbiq etdiyi cəza üsulu isə nizam üçündür.
Cəmiyyətdə nizam olmalıdır və dövlət qanunları insanların birlikdə sabit və mədəni yaşaması üçün mövcuddur. Lakin ailədə qorxuya əsaslanan yanaşma sağlam nəticə vermir. Cəmiyyətin sağlam düşüncəsinin inkişafı üçün hüquqi düşüncə vacibdir.
Əgər insanın düşüncə və davranışlarında adekvat olmayan hallar varsa, psixi sağlamlıq mütəxəssisinə müraciət edilməlidir. Fiziki və ya psixoloji cəza insanın başqaları ilə ünsiyyətində uyğunsuzluq yaradır. Uşaqları şiddətlə böyüdən valideynlər çox zaman özləri də şiddətlə böyüyüblər. Buna görə şiddəti adiləşdirmək olmaz.
Uşaqların davranışını formalaşdırmaq üçün əsas metodlar nümunə olmaq, davamlı izah etmək və sağlam ünsiyyət qurmaqdır. Davranış pozuntusu olan uşaqlar üçün mütəxəssisə müraciət edilməlidir. Cütlüklər uşaq böyütməyə hazır olmalı, övlad dünyaya gətirməzdən əvvəl psixi sağlamlığa diqqət etməlidirlər.
Hər kəsin mütləq övlad sahibi olması düşüncəsi doğru deyil. Uşaqlara düzgün nümunə yaratmaq lazımdır və izah etməkdən yorulmamaq vacibdir. Sağlam mühit sağlam düşüncə formalaşdırır. Mühit sağlam deyilsə, uşağın düşüncə və davranışları da sağlam olmayacaq”.
Psixoterapevt qeyd edir ki, uşaqlara qarşı fiziki və ya psixoloji cəza onların gələcəkdə şəxsi, iş və sosial həyatına mane olur:
“Bu cəza növü həm qısa, həm də uzunmüddətli mənfi təsirlər yaradır. Qısa müddətdə qorxu, narahatlıq və ünsiyyət problemləri formalaşır. Uzun müddətdə isə nifrətin normal hal kimi qəbul edilməsi baş verir və bu, cinayətkar təfəkkürün formalaşmasına zəmin yaradır.
Şiddət uşağın psixologiyasına və şəxsiyyət inkişafına ciddi zərər verir və sağlam cəmiyyət üçün bu yanaşmadan uzaq durmaq vacibdir”.