RU

Ana ölümlərinin sayı niyə artır?

Son dövrlərdə doğuş zamanı baş verən ana ölümləri yenidən diqqət mərkəzinə gəlib. Təkcə bu ay 3 qadının həyatını itirməsi məsələnin ciddiliyini bir daha ortaya qoyur. Bəs doğuş üçün ən uyğun yaş aralığı hansıdır və ana ölümlərində yaş, həqiqətən, vacib faktordurmu?Ginekoloq həkim Arzu Məhərrəmova Metbuat.az-a açıqlamasında bildirib ki, dünya statistikasına görə, yaş faktoru olduqca önəmlidir, hətta doğuşlar arasındakı interval da xüsusi əhəmiyyət daşıyır: "Ən çox ölüm halları yeniyetmə yaşda, yəni 18 yaşına qədər olan qadınlarda baş verən erkən hamiləliklər zamanı, eləcə də 35 yaşdan yuxarı qadınlarda müşahidə olunur. Erkən hamiləlik zamanı, yəni 18 yaşına qədər qızlarda hamiləlik baş verərsə, onların orqanizmi həm fiziki, həm də psixoloji baxımdan tam inkişaf etmədiyi üçün bu cür hallarda doğuşlar çox vaxt yarımçıq düşüklərlə, erkən və ya sürətli doğuşlarla, yaxud keysəriyyə əməliyyatı ilə nəticələnir. Bu proses həm ana, həm də uşaq üçün travmatik olur. Eyni zamanda qan itkisi, toksikozun daha ağır keçməsi, hamiləliyin ikinci yarısında yaranan toksikoz, nefropatiya və preeklampsiya kimi ağırlaşmalar baş verə bilər ki, bunlar da ana ölümünə səbəb ola bilər". Həkimin sözlərinə görə, 35 yaşdan yuxarı qadınlara ana olmaq adətən tövsiyə edilmir:"Çünki bu dövrdə qadınlarda ekstragenital, yəni digər xroniki və somatik xəstəliklərin yaranma ehtimalı artır. Arterial təzyiq, müxtəlif somatik xəstəliklər ananın ümumi sağlamlıq vəziyyətini zəiflədir. Bu isə öz növbəsində həm hamiləliyin gedişinə, həm də doğuşa mənfi təsir göstərir. Nəticədə vaxtından əvvəl doğuşlar, az çəkili uşaqların dünyaya gəlməsi, hamiləliyin ikinci yarısında toksikozun ağır keçməsi, nefropatiya və preeklampsiya kimi hallar daha çox rast gəlinir ki, bunlar da yenə ana ölüm riskini artırır". A.Məhərrəmova qeyd edib ki, ən ideal ana olma yaşı 18-35 arası hesab olunur və hər iki doğuş arasında ən azı iki il intervalın saxlanılması tövsiyə edilir:"Bu müddət ərzində ana orqanizmi bərpa olunur, mineral və vitamin çatışmazlıqları aradan qaldırılır, qanazlığı düzəlir və varsa, digər somatik xəstəliklər müalicə edilir. Eyni zamanda ana dünyaya gətirdiyi uşağa ilk iki il ərzində kifayət qədər diqqət ayıra, onu əmizdirə və sağlam şəkildə böyütməyə şərait yaradır. Bu həm də ananın psixoloji olaraq bərpa olunmasına və növbəti hamiləliyə daha sağlam şəkildə hazırlaşmasına imkan verir".

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
53
metbuat.az

1Источники