RU

"Əgər bir materialın süni intellektlə hazırlandığına dair aydın xəbərdarlıq varsa, bu, cinayət sayılmamalıdır"

Deputat Razi Nurullayev Milli Məclisdə çıxışı zamanı bildirib ki, süni intellekt vasitəsilə hazırlanan materialların yayılması avtomatik olaraq cinayət tərkibi yaratmamalıdır.

Redaktor.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov bildirdi ki, Razi Nurullayevin irəli sürdüyü bu yanaşma, hüquq sistemində "niyyət" və "hərəkət" arasındakı vacib balansa toxunur:

"Süni intellekt vasitəsilə hazırlanan hər bir materialın avtomatik olaraq cinayət tərkibi yaratmaması, həm texnoloji yaradıcılığın, həm də ifadə azadlığının qorunması üçün əhəmiyyətlidir. Bir şəxsin zarafat, sənət, təhsil və ya parodiya məqsədilə yaratdığı kontentlə, başqasının nüfuzuna qəsdən zərər vurmaq və ya ictimai sabitliyi pozmaq üçün hazırlanan material eyni tərəziyə qoyulmamalıdır. Beynəlxalq şirkətlərlə qurulan sıx ünsiyyət və əməkdaşlıq çərçivəsində tətbiq edilən etik standartlar da məhz bu fərqi ayırmağa xidmət edir".

Müsahibimiz problemdən çıxışı yolunu da göstərdi:

"Bu məsələdə əsas çıxış yolu, qanunvericiliyin materialın "necə" hazırlanmasından çox, onun "hansı məqsədlə" və "hansı nəticələrə" səbəb olması üzərində qurulmasıdır. Əgər bir materialın süni intellektlə hazırlandığına dair aydın xəbərdarlıq və ya nişan varsa və o, heç bir şəxsə və ya quruma maddi-mənəvi zərər vurmursa, burada cinayət tərkibindən danışmaq çətindir. Vətəndaş məsuliyyəti və hüquqi tənzimləmə elə bir nöqtədə birləşməlidir ki, cəza mexanizmləri yalnız qərəzli manipulyasiyaları və zərərli niyyətləri hədəf alsın. Beləliklə, həm cəmiyyət saxtakarlıqdan qorunar, həm də dürüst istifadəçilər texnologiyanın imkanlarından çəkinmədən yararlana bilərlər".

Aytəkin TOFİQQIZI

Избранный
33
redaktor.az

1Источники